Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisindən keçən kanallarda ekologiyaya ciddi zərər vuran
vasitələrdən istifadə etməklə həyata keçirilən qanunsuz balıq ovuna
qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata
görə, keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan
qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan
müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan
çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi
rezin təkərlər və kanalların bir neçə hissəsində balıq ovu üçün
istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.
İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin
ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan
diri balıqlar isə yenidən suya buraxılıb.
Həmçinin şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici
söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla
qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su
Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə
polis şöbəsinə məlumat vermələri tapşırılıb.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi
olaraq davam etdiriləcək.