Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz!” adlı tədbir keçirilib. Əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir “Gənclər Evi”ndə davam edib.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir şəhid Nicat Hüseynovun əziz xatirəsinə həsr olunmuş videorolikin mərasim iştirakçılarına təqdim olunması ilə başlayıb. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yazılan şərəfli tarixdən, canı və qanı bahasına vuruşaraq torpaqlarımızı işğaldan azad edən oğullarımızın qorxmazlığından danışıb, onların xatirəsinin heç vaxt unudulmayacağını qeyd ediblər. Bildirilib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər, o cümlədən şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərin təşkili ölkə rəhbərliyinin şəhidlərimizə və onların yaxınlarına olan sonsuz ehtiramının nümunəsidir.
Mərasimdə iştirak edən şəhid Nicat Hüseynovun yaxınları onun qısa lakin şərəfli həyat yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən şəhidin doğmaları vurğulayıb ki, şəhidlərimizin xatirəsini uca tutmaq hər bir azərbaycanlının borcudur və gələcək nəsillər də şəhidlərimizin vətənpərvərlik hissini özünə nümunə bilməlidir.