“Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olundu

“Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olundu

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub. Kitab əski əlifbaya güneyli soydaşımız Qadir Cəfəri tərəfindən köçürülüb.

AzerTimes xəbər verir ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Qeyd edək ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi”, 2018-ci ildə “Yarımçıq əlyazma”, 2022-ci ildə isə “Unutmağa kimsə yox” romanları Təbrizdə işıq üzü görüb.

Teqlər: