Sıravi işçiləri direktorlardan daha çox maaş alır – Vitse-prezident

AMEA-nın Rəyasət Heyəti aparatının sıravi işçiləri elmi
müəssisələrin direktorlarından daha çox maaş alır.

AzerTimes-ın məlumatına görə,
bunu akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev
AMEA-nın Ümumi yığıncağında deyib.

O, problemlərin həlli üçün təkliflər verib.

“Qüvvədə olan normativ-hüquqi sənədlərə əsasən AMEA-da
əməkhaqqının ödənilməsi üçün 2 mexanizm var. Birincisi AMEA Rəyasət
heyəti aparatının, Gəncə bölməsinin aparatının işçiləri üçün xüsusi
cədvəl üzrə, ikincisi AMEA-nın elmi müəssisə və təşkilatlarının
işçiləri üçün vahid tarif cədvəli üzrə əmək haqqıların
ödənilməsidir. Bu cədvələ görə AMEA Rəyasət heyətinin sıravi
işçiləri elmi müəssisələrin baş direktorlarından, icraçı
direktorlarından, elmi katiblərdən, elmi şöbələrin rəhbərlərindən
çox maaş alır. Elmi müəssisələrdə inzibati-idarəetmə və köməkçi
heyətin elmi yaradıcı heyətlə əmək haqqılarının Vahid Tarif Cədvəli
üzrə eyni mexanizmlə ödənilməsi elmi işçilərdə motivasiya
yaratmır.

Elmi işçilər kateqotiyasının əməyi baza əmək haqqı saxlanılmaqla
elmi problemlərin ünvanlı maliyyələşdirilməsi əsasında
motivasiyayaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında
müəyyənləşdirilməsi üçün zəruri normativ hüquqi baza
yaradılmalıdır. AMEA üzrə inzibati idarəetmə və köməkçi heyərlərin
əmək haqqıları vahid mexanizm əsasında ödənilməsi üçün mübafiq
tədbirlər görülməlidir”.

Teqlər: