Sinan Oğanın 28 mayda Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi çox önəmlidir. Ancaq burada ən vacib məqam Oğanın öz açıqlamasında sadaladığı səbəblərdir.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Alim Sinan Oğanın doğru addım ataraq, dövlətçilik mövqeyindən çıxış etdiyini vurğulayıb:
“Bəhs edilən səbəblər Sinan Oğanın milliyətçi və dövlətçi bir mövqedən çıxış etdiyini göstərir. Açıqlamada terrorla mübarizənin daha da güclənməsinin, xarici siyasət sahəsində qazanılan uğurların davam etdirilməsinin vacibliyi vurğulanır. Ortada yalnız HÜDA-PAR problemi var, digər əksər məsələlərdə isə mövqelər bənzərdir. Fikrimcə, Zəfər Partiyasının sədri Ümid Özdağ keçirəcəyi gözlənilən mətbuat konfransında Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayacaq”.
Gökçə qeyd edib ki, ATA İttifaqı artıq dağılıb:
“Birinci turda Oğanın səsləri Kılıçdaroğluya, Ərdoğana küskünlər, Məhərrəm İncənin elektoratı və öz tərəfdarlarından formalaşdı. Yəqin ki, İncə bu həftə içərisində yenə Kılıçdaroğluya dəstəyini açıqlayacaq. İkinci turda isə hər kəs öz namizədinə, Sinan Oğan tərəfdarları isə Ərdoğana səs verəcək. Hazırki durumda Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyini düşünürəm. Doğrudur, Oğan tərəfdarlarının verəcəyi səslər önəmlidir. Lakin Ərdoğanın seçilməsini labüd edəcək ən önəmli faktor vətəndaşlarımızın indiki mürəkkəb siyasi konyekturada dövlətimizin başında güclü bir şəxsiyyət görmək istəyidir”.