Əgər Rusiya müharibədə məğlub olacaqsa, ölkədəki hətta adi süpürgəçini də Haaqa məhkəməsi gözləyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda qonaq qismində çıxış edən “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Onlar “bizim Krım”ı almağa hazırlaşırlar, lakin biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi edirik – bombalayırıq! Hər gün bombalayırıq: infrastrukturu bombalayırıq. Allah da bilir ki, biz bunu istəmirdik! Mən çox yaxşı bilirəm ki, hökumətdəkilər də bunu istəmirdilər”, – deyə M.Simonyan vurğulayıb.
Rusiyadakı mövcud iqtidarın alovlu təbliğatçısı əlavə edib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən qorxmaq lazım deyil:
“Biz məğlubiyyətdən, biabır olmaqdan qorxmalıyıq. Əgər uduzsaq, hətta Kreml divarlarının xaricindəki süpürgəçini də beynəlxalq tribunal gözləyir”.