BMT-nin nəzarəti ilə insanların iradəsini müəyyən etmək üçün Rusiya-Ukrayna arasında “mübahisəli ərazilərdə” referendum keçirilməlidir.
AzerTimes xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan deyib.
“İndoneziya gözəl bir plan hazırlayıb. Mən sadəcə bu planın tərəfdarı deyiləm, özüm də bu plan barədə demişəm. Mən bütün il bu haqda danışmışam. İndi hamı olduğu yerdə qalsın, döyüş dondurulsun və İndoneziyanın təklif etdiyi kimi, bütün “mübahisəli ərazilərdə” referendum keçirilsin. İnsanlar harda istəyir, kiminlə qalmaq istəyir, onunla qalsın. Bu ki yaxşıdır!”
Simonyan hansı əraziləri “mübahisəli” adlandırdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını, o cümlədən, atəşkəs, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.