Xəbər - Ləman Zeynalova – Trend:
Bu ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək Yunanıstan interkonnektorunun tikintisinin başlanması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası nazirlərin 8-ci toplantısı çərçivəsində “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi və enerji keçidi ilə bağlı plenar iclasda deyib.
O bildirib ki, ölkənin qazlaşdırılması iqtisadiyyat üçün həlledici əhəmiyyət daşıyır.
“Şimali Makedoniyada mövcud qaz kəmərləri sisteminin genişləndirilməsi üçün işlər aparılır. Bu ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək Yunanıstan interkonnektorunun tikintisinin başlanması planlaşdırılır. Biz artıq Serbiya ilə interkonnektorun tikintisi layihəsini başa çatdırırıq. Bundan başqa, Bolqarıstan və Albaniya ilə interkonnektorların tikintisi planlaşdırılır”, – deyə nazir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)