Son illərdə Şimali Kiprin tanınması üçün çox böyük iradə ortaya qoyulub.
AzerTimes xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.
“Əslində bizim siyasətimizin sütunu ondan ibarətdir ki, Kiprdə razılaşma olacaqsa, bu, iki dövlətin əməkdaşlığı ilə mümkün olacaq. Əvvəllər biz müxtəlif beynəlxalq əlaqələr və təzyiqlərlə yaxşı niyyətimizlə federal əsaslı saziş üçün danışıqlar aparırdıq. Sonradan ortaya çıxdı ki, AB oyunları ilə bizləri Türkiyədən və adadan qoparmaq üçün tələlərlə dolu müxtəlif ssenarilər hazırlayıb. Ona görə də o dövrlər arxada qalıb. Ana Vətən Türkiyə Cümhuriyyətinin dəstəyi ilə iki dövlətli siyasət yeni siyasətdir. Kiprdə həll yolu olacaqsa, bu, iki dövlətli həll olacaq. Yəni şimaldakı dövlət Şimali Kipr Türk Cümhuriyyəti, cənubdakı dövlət isə Kipr Rum Respublikası olmalıdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Biz bunu bütün beynəlxalq ictimaiyyətlə bölüşürük. Onlar da bizimlə razılaşırlar, amma anlaşma üçün “Cənubi Kiprin razılığı lazımdır” deyirlər. Amma burada bir haqsızlıq var. Cənubi Kipr sanki bütün Kiprin hökuməti kimi həm BMT-yə tamhüquqlu üzv oldu, həm də böyük haqsızlıqla Avropa Birliyinə qəbul edildilər”, – Tatar qeyd edib.