2 iyun – Mülki aviasiya günü münasibətilə Silk Way West Airlines şirkətinin bir sıra əməkdaşları yüksək peşəkarlıq və əzmkar fəaliyyətlərinə görə təltif ediliblər. Peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə şirkət əməkdaşlarına mükafatlar təqdim edilib. Beləliklə, Silk Way West Airlines əməkdaşları – uçuşların idarəedilməsi üzrə vitse-prezident Rasim Əşrəfov, Boeing 747-400 tipli HG-nin 2-ci pilotu Ruslan Bayramov, habelə şirkətin Silk Way Technics filialının aviasiya və radioelektron avadanlığı üzrə aviasiya texniki Anatoliy Yeremeyev “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Silk Way Group-un prezidenti Zaur Axundov mükafatlara layiq görülmüş əməkdaşları peşə bayramı münasibətilə şəxsən təbrik edib, mükafatları onlara təqdim edərək uğurlar arzulayıb.
“Milli aviasiyamızın uğurları və əməkdaşlarımızın nailiyyətləri bizi daim fərəhləndirir. Göstərdiyiniz yüksək əzmkarlıq və fədakar əməyə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə peşə fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzu edirəm!” – deyə Zaur Axundov əməkdaşlara müraciətində vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə 2 iyun tarixi mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.
Silk Way West Airlines Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə ayda 350-dən çox uçuş həyata keçirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. 420 min tondan çox illik yükdaşıma dövriyyəsi və 40-dan artıq istiqaməti əhatə edən şəbəkəsi ilə Silk Way West Airlines Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
Silk Way Technics müxtəlif növ hava gəmilərinin cari təmiri və texniki baxışı üzrə geniş xidmətlər göstərir. Şirkətin hava gəmilərinə göstərdiyi texniki xidmət bir çox ölkələrin aviasiya qurumları tərəfindən qlobal miqyasda tanınıb.