Xəzər bölgəsinin aparıcı hava yükdaşımaları şirkəti olan Silk Way West Airlines “Dubai Airshow 2021” sərgisi çərçivəsində donanmanın yenilənməsi məqsədilə Rolls-Royce ilə strateji müqavilə imzalayıb.
Silk Way West Airlines şirkətinin RB211-524 mühərrikli beş Boeing 747-400F təyyarəsi üçün əvəzedici mühərriklər təchiz edəcək müqavilə, eyni zamanda, aviaşirkətin 2026-cı ilədək əməliyyat dayanıqlılığını, habelə donanmanın yenilənməsi proqramının bir hissəsini təmin edəcəkdir. Razılaşmaya əsasən, Silk Way West Airlines növbəti beş il ərzində mühərrik istismar müddətinin ən az 20 000 uçuş dövrü ilə təmin ediləcəkdir.
2017-ci ildən etibarən Silk Way West Airlines Boeing 747-400F aviaparkına texniki xidmət göstərən Rolls-Royce aviaşirkətlə əməkdaşlıq edir. Tərəflərin imzaladığı ilkin razılaşma bir sıra xidmətlər vasitəsilə hava yükdaşımaları şirkətində mühərriklərin qüsursuz çalışmasını nəzərdə tuturdu.
İmzalama mərasimində çıxış edən Silk Way Group-un prezidenti Zaur Axundov Rolls-Royce ilə əlaqələrin əhəmiyyətini qeyd edib: “Rolls-Royce ilə uzunmüddətli əməkdaşlığımızı uğurla davam etdirməkdən böyük şərəf duyuruq. Qlobal tərəfdaşlarımızdan biri ilə sıx münasibətlərin bir hissəsi kimi bu sazişin imzalanması ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələdir. Bunun sayəsində, Silk Way West Airlines planlaşdırılmış donanma yenilənməsi ilə bağlı biznes strategiyasını uğurla həyata keçirə biləcək”.
Öz növbəsində, Rolls-Royce Civil Aerospace şirkətinin prezidenti Kris Kolerton Silk Way West Airlines ilə imzalanmış müqavilədən məmnunluğunu ifadə edib: “Mövcud mühərriklərdən Silk Way West Airlines donanmasının saxlanması üçün sərfəli istifadə aviaşirkətin 2026-cı ilədək olan əməliyyatlarının dəstəklənməsi baxımından səmərəli və məntiqli həll yoludur. Silk Way West Airlines ilə işləməyə davam etməyi və gələcəkdə əlaqələrimizin möhkəmləndirilməsini səbrsizliklə gözləyirik”.
Rolls-Royce plc 150-dən artıq ölkədə 400-dən çox aviaşirkət və lizinq müştərisinə, habelə 160 silahlı qüvvə və donanmaya, 5000 enerji və nüvə müştərisinə xidmət göstərir. Şirkətin illik əsas gəliri 2020-ci ildə 11,76 milyard Britaniya funt-sterlinqi təşkil edib, Rolls-Royce tədqiqat və inkişaf məqsədilə 1,25 milyard funt-sterlinq sərmayə qoyub. Şirkət həmçinin öz mühəndislərinin elmi tədqiqatlarına xüsusi önəm verən 28 Universitet Texnologiya Mərkəzinin qlobal şəbəkəsini dəstəkləyir. Rolls-Royce cəmiyyəti birləşdirmək, gücləndirmək və qorumaq üçün böyük əhəmiyyət daşıyan öncül qüvvələrdən biridir. Şirkət 2030-cu ilədək olan fəaliyyətində xalis sıfır istixana qazı emissiyalarına nail olmağı öhdəsinə götürüb. 2020-ci ildə BMT-nin Sıfır Yarışı kampaniyasına qoşulan şirkət fəaliyyət göstərdiyi sektorların xalis sıfıra nail olmasına çalışaraq 2050-ci ilədək karbonsuz mühit missiyasını yerinə yetirmək əzmindədir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.
ƏLAQƏ NÖMRƏLƏRİ:
Ceyhun Ələkbərov
İctimaiyyətlə əlaqələr
Silk Way West Airlines
Tel: +994 (0)77 2010440
E-poct: [email protected]
Deyzi Omissi
Xarici Kommunikasiyalar
Rolls-Royce Civil Aerospace
Tel: +44 (0)7500 990583
E-poçt: [email protected]