Silk Way West Airlines ABŞ-da qlobal şəbəkəsini genişləndirməkdə davam edir

ğ

Silk Way West Airlines Çikaqo O’Hare ilə yanaşı, ölkənin ikinci
əsas yükdaşıma mərkəzi olan Dallas Fort-Uort hava limanına gediş və
gəliş üçün müntəzəm reyslər əlavə etməklə ABŞ şəbəkəsini
genişləndirir. Dallas və Çikaqo marşrutlarından başqa Silk Way West
Airlines eyni zamanda Rokford İllinoys, Sinsinnati/Şimali Kentukki
və Rikenbəker kimi hava limanlarına da çarter uçuşları həyata
keçirir.

ABŞ-ın əsas nəqliyyat mərkəzlərindən biri olan Dallas Silk Way
West Airlines tərəfindən əlavə mərkəzi qovşaq kimi seçilib.
Dallasın bir neçə əsas magistral yol boyunca əlverişli yerdə
yerləşməsi aviaşirkətə istehlak malları, yüksək texnoloji, neft və
qaz yükdaşımaları üzrə daxil olan və göndərilən yüklərin daşınma
tələbatını qarşılamaq üçün ideal şərait yaradır. Bu böyük şəhər
bütün region üzrə strateji yük paylama mərkəzidir və beləliklə, ABŞ
yükdaşımalarına xidmət etmək məqsədilə Silk Way West Airlines üçün
mükəmməl platformaya çevrilir.

Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayer yeni
xidmətlə bağlı şərh verərək deyib: “Silk Way West Airlines Şimali
Amerika, Asiya və Avropa arasında birbaşa yük daşımaları üçün daha
çox imkanlar yaradaraq, rəqabət üstünlüklərini və əlverişli bazar
şərtlərini inkişaf etdirməyə davam edir. Bu da öz növbəsində
dəyərli müştərilərimizə malların dünya üzrə planlaşdırılması və
səmərəli daşınmasında daha da çevik olmağa imkan verir. ABŞ-a
uçuşları artırmaqla yanaşı, biz həmçinin Asiyada Hanoy və Banqkok,
Avropada Şərqi Midlend kimi yeni istiqamətlər əlavə etməklə qlobal
şəbəkəmizi genişləndiririk.”

Silk Way West Airlines 2012-ci ildə İpək yolunun mərkəzi sayılan
Bakı şəhərində fəaliyyətə başlayıb. Aviaşirkət Heydər Əliyev
Beynəlxalq hava limanında yerləşən 12 müasir Boeing 747-8F və
747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif
ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmanın
genişləndirilməsi məqsədilə 28 aprel 2021-ci il tarixində Silk Way
West Airlines ilə Boeing aviasiya istehsalçısı arasında beş ən
müasir 777F yük təyyarəsinin alışına dair strateji saziş imzalanıb.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır.
Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri,
Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq
istiqamətdə yükdaşımaları həyata keçirir. Silk Way West Airlines
şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu
“2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Teqlər: