Martın 15-də Zaqatalanın Əliabad qəsəbəsinin girişində OBA marketin arxasına qara maşınla yaxınlaşan silahlı şəxslər 2 sahibsiz iti uşaqların gözləri önündə vəhşicəsinə güllələyərək öldürdüyü haqda məlumat yayılıb. Hadisə şahidləri sahə rəisini həmin məkana dəvət edərək baş verənləri danışıb və marketin kamera görüntülərinə birlikdə baxıb hadisəni törədənləri görmək istəyib. Lakin polis əməkdaşı onların getməyini və kamera görüntüsünü izləməyə icazə verməyəcəyini bildirib.
Bununla bağlı AzerTimes-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, sözügedən məsələ haqda idarəyə müraciət olunub:
“Martın 15-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən rayon sakini Nərmin Ramazanova Əliabad qəsəbəsi ərazisində itlərin öldürülməsi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman qan izlərinə bənzər ləkələr aşkarlansa da, it cəsədlərinə rast gəlinməyib. Hazırda daxil olmuş müraciət əsasında rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Kamera görüntülərinə gəlincə, polis əməkdaşı yox, obyekt sahibi tərəfindən onlara həmin görüntülərə baxılmasına, eləcə də köçürülməsinə icazə verilməyib. Bundan sonra N.Ramazanova orada ictimai asayişi pozmağa yönələn hərəkətlərə yol verdiyi üçün mağaza işçisi bu barədə Polis Şöbəsinə şikayət məzmunlu ərizə ilə müraciət edib. Həmin müraciət üzrə də araşdırmalar aparılır”.