Xəbər - Elçin Mehdiyev – Trend:
Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi yarım il ərzində 193 nəfərə sosial xidmət göstərib.
AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunlardan 63-ü qadın, 130 nəfəri isə kişidir.
V.Behbudov qeyd edib ki, 6 ay ərzində 99 nəfər daimi olaraq ailəsinə təhvil verilib: “Müəssisə 95 ədəd çarpayı ilə təmin olunmuşdu. Ötən həftə isə burada məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyətə başlayıb. 30 nəfər üçün nəzərdə tutulan şöbədə sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.
Burada sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışacaq. Şöbədə məişət zorakılığı qurbanı ilə yanaşı, zəruri hallarda ailə üzvləri ilə birgə yaşaması üçün də şərait yaradılıb”.