SHXÇDX hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları
haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının
hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri”nin
təsdiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim
forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə
nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli
Fərmanının ləğv edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla qərara alınır:

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və
fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə
olunur).

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və
fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilsin (əlavə
olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim
forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay
müddətində müəyyən etsin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və
fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə
nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli
Fərmanı ləğv edilsin.

***

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanları haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – Xidmət) hərbi geyim
forması Xidmətin hərbi qulluqçuları üçün müəyyən edilmiş hərbi
geyim əşyaları, fərqləndirmə nişanları və hərbi ləvazimat
dəstidir.

1.2. Hərbi geyim əşyalarına aşağıdakılar aiddir:

1.2.1. üst geyimləri – qış paltosu, qış yarımpaltosu, dəri
gödəkçə, demisezon gödəkçə, kitel, gödəkçələr, şalvar, yubka və
s.;

1.2.2. baş geyimləri – buxara papaq, papaq, qış papağı, qulaqlı
papaq, furajka, şlyapa, pilotka və s.;

1.2.3. ayaqqabılar – ayaqqabı, botinka, uzunboğaz çəkmə və
s.;

1.2.4. digər əşyalar – köynəklər, yun köynəklər, şərflər,
əlcəklər, qalstuklar və s.

1.3. Hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim
formasında rəmzlərlə şərti təsvir olunmaqla, hərbçinin dövlət
mənsubiyyətini, Xidmətə, hərbi rütbəyə, hərbi qulluqçuların
heyətinə mənsubiyyətini göstərir.

1.4. Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə
fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamənin 5-ci
hissəsi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim
formasının və fərqləndirmə nişanlarının təsvirləri” ilə müəyyən
edilir.

1.5. Fərqləndirmə nişanlarına poqonlar, poqondakı nişanlar
(emblemlər, ulduzlar və s.), qol, döş və yaxa nişanları (tikmələr),
baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar
aiddir. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin
komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici
fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə
edilir.

1.6. Hərbi ləvazimata qılınc, aşırma qayış, şalvar qayışı, səhra
jileti, əşya kisəsi, qumquma, bel üçün üzlüklər, səhra çantası,
qobur və s. daxildir.

1.7. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim
formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz
növbəsində qış və yay geyimlərinə bölünür.

1.8. Mərasim geyim forması xüsusilə təntənəli hallarda,
istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda
geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.9. Səhra geyim forması döyüş şəraitində, naryadlarda,
toplanışlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə
geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.10. Xüsusi geyimlər xüsusi hərbi ixtisaslar üzrə hazırlıq
keçirən, avtomobillərin, texniki avadanlıq və vasitələrin təmiri
ilə məşğul olan hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur.

1.11. Gündəlik geyim forması qalan bütün hallarda geyinilir.

1.12. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində,
müşavirələrdə və s.) iştirak etmək üçün geyim formasını,
tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə
alınmaqla, həmin tədbirləri keçirən rəislər müəyyən edirlər.

1.13. Hərbi geyim formasını daşımaq hüququna Xidmətdə həqiqi
hərbi xidmət keçən bütün hərbi qulluqçular, toplanışlara çağırılmış
hərbi vəzifəlilər, habelə ehtiyata və ya istefaya buraxılmış hərbi
geyim forması daşımaq hüququ olan şəxslər malikdirlər.

1.14. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların
hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını
geyinməsi qadağandır.

1.15. Hərbi qulluqçular hərbi geyim formasını Xidmət rəisinin
təsdiq etdiyi “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi
geyim formasını daşıma qaydaları”na uyğun olaraq daşıyırlar.

1.16. Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə
təmin edilirlər.

1.17. Xüsusi geyimin və hərbi ləvazimatın tərkibi, təsviri və
onları daşıma qaydalarını Xidmətin rəisi müəyyən edir.

2. Mərasim geyim forması

2.1. Xidmətin hərbi qulluqçularının mərasim geyim formasının
tərkibinə aşağıdakılar aiddir:

2.1.1. qış paltosu – açıq boz rəngli;

2.1.2. kitel – tünd zeytun rəngli;

2.1.3. şalvar – tünd zeytun rəngli;

2.1.4. yubka – tünd zeytun rəngli;

2.1.5. şalvar qayışı – qara rəngli;

2.1.6. aşırma qayış – qızılı rəngli;

2.1.7. köynək – ağ rəngli;

2.1.8. qalstuk – qara rəngli;

2.1.9. əlcək – ağ rəngli;

2.1.10. şərf – ağ rəngli;

2.1.11. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon və ya
yarımyun uzunboğaz) – qara rəngli;

2.1.12. ayaqqabı – qara rəngli;

2.1.13. uzunboğaz çəkmə – qara rəngli;

2.1.14. baş geyimləri – ali zabitlər üçün boz rəngli təbii
qaragül dərisindən buxara papaq və papaq, polkovniklər üçün boz
rəngli təbii qaragül dərisindən qulaqlı papaq və qış papağı, digər
hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq və qış
papağı, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd zeytun
rəngli furajka və tünd zeytun rəngli şlyapa;

2.1.15. qılınc;

2.1.16. qadın çantası – qara rəngli.

2.2. Qış paltosu açıq boz rəngli yun parçadan tikilir, qızılı
rəngdə üç böyük forma düyməsi ilə düymələnir, ikibortludur,
qatlanan yaxalıqlıdır, yaxalıq taxılıb-çıxarılandır. Ali zabitlər
üçün qış paltosunun yaxalığının kənarı boyunca və qol köbəsinin
üstündən qırmızı rəngli mahuddan kant tikilir. Yaxalıq ali zabitlər
və polkovniklər üçün təbii qaragül dərisindən, digər hərbi
qulluqçular üçün boz rəngli süni xəzdəndir. Paltonun layları
yanlardan köklənmişdir və düz kəsmə, qapaqlı cibləri vardır. Kürək
hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır.
Bel səviyyəsində qış paltosunun böyür tikiş yerlərinə bərkidilmiş
qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici
kəmərcik vardır. Qollar ikitikişli, köbəli, içəridən tikiləndir.
Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir. Astarında iki
kəsmə qoltuq cibi vardır. Yun parçadan hazırlanan qış paltosunun
elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır.
Kəmərciklər qızılı rəngli orta forma düyməsi və ilgəklə düymələnir.
Qış paltosunun sağ (qadınlar üçün – sol) bortuna yaxanı düymələmək
üçün qış paltosunun rənginə uyğun adi düymə tikilmişdir. Qış
paltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini
bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən
fərqləndirmə qol nişanları tikilir. Döşəmədən qış paltosunun
ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkillər 1 – 3).

2.3. Kitel tünd zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu,
qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngdə dörd (qadınlar
üçün – üç) böyük forma düyməsi ilə düymələnir. Kitelin layları
kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Hər bir layın üstdən
tikilmiş və orta forma düymələri ilə düymələnən, şaquli qırçınlı,
fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları forma düymələri
ilə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında
aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli,
köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında
iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan
kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər qızılı rəngli orta forma düyməsi ilə və ilgəklə
düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd
budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular
üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün
kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən
qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici
səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə
Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir
(şəkillər 4 – 6).

2.4. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir.
Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan
cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi,
arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası
qarmaq və zəncirbəndlə bağlanılır, yaxud üç-dörd düymə ilə
düymələnir. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Ali
zabitlərin şalvarına qırmızı rəngli mahuddan lampas, digər hərbi
qulluqçuların şalvarına qırmızı rəngli mahuddan kant tikilir
(şəkillər 4 və 5).

2.5. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə
qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı olur. Arxasında
zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa
və ön hissələri bel səviyyəsində köklənmişdir (şəkillər 4 və
6).

2.6. Şalvar qayışı qara rəngdədir.

2.7. Aşırma qayış qızılı rəngdədir və yalnız zabitlər üçün
nəzərdə tutulur.

2.8. Köynək uzunqol olmaqla, ağ rəngli köynəklik parçadan
hazırlanır. Tikilmə dik yaxalıqlıdır. Bortu ortadan düymələnir.
Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı, fiqurlu qapaqlı iki
döş cibi vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər,
bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.
Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın
hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə
köklənmişdir.

2.9. Qalstuk qara rəngli parçadan tikilir. İti ucla tamamlanan
uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli
qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngli metal
sıxacla taxılır (şəkil 52).

2.10. Əlcək ağ rəngdədir. Yun və ya ipək parçadan
hazırlanır.

2.11. Şərf ağ rəngdədir. Yun və ya ipək parçadan hazırlanır.
Ölçüləri 120×20 sm-dir.

2.12. Corablar qara rəngdədir. Qadın hərbi qulluqçular bədən
dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corablar
geyinirlər.

2.13. Kişi yay ayaqqabısı qara rəngli, laklıdır. Qış ayaqqabısı
qara rəngli xromdan hazırlanır. Ayaqqabının tənzimləyici rezinciyi
və üst hissəsində bir zolaq tikişi vardır. Dabanı qəliblənmişdir,
altlığı göndəndir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
Zəncirbəndi və ya bağları vardır. Qadın yay ayaqqabısı qara rəngli,
laklı, alçaqdabandır, burnu ensizdir, arxa hissəsi
möhkəmləndirimişdir. Qadın qış ayaqqabısı qara rəngli xromdan
hazırlanır, altlığı qəliblənmişdir, burnu və arxa hissəsi
möhkəmləndirilmişdir.

2.14. Uzunboğaz çəkmə qara rəngli xromdan hazırlanır. Dabanı
orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır. Burnu və
arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu
çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.

2.15. Buxara papaq boz rəngli təbii qaragül dərisindən tikilir.
Xarici üst hissəsi qırmızı rəngli parça ilə örtülür və üzərində
qızılı rəngli xətlər vardır. Buxara papağın içində ipək astar
vardır. Ali zabitlər üçün papaq boz rəngli təbii qaragül dərisindən
tikilir. Günlük qara rəngli dəridəndir, günlüyün üstünə ali
zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan
qara rəngli üzlük tikilir. Papağın içində ipək astar vardır. Kişi
hərbi qulluqçular üçün qulaqlı papaq boz rəngli süni xəzdəndir,
polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir.
Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara
papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində sarja
astar, polkovniklər üçün ipək astar vardır. Qadın hərbi qulluqçular
üçün qış papağı boz rəngli süni xəzdəndir, polkovniklər üçün boz
rəngli təbii qaragül dərisindən tikilir. Təpə hissəsi tünd zeytun
rəngli parçadandır, oval formalıdır. Qış papağının içində sarja
astar, polkovniklər üçün ipək astar vardır (şəkil 36).

2.16. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı
dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların
heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və
kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan
hazırlanır. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan
kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd
qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində
qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd
zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçular üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş
zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan
üzlük tikilir (şəkil 37).

2.17. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd
zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə,
dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun
olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma
düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır.
Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının
eni 9 sm-dir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan
kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngdə
tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə
ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə
naxışı olan üzlük tikilir (şəkil 37).

2.18. Qılınc yalnız zabitlər üçün nəzərdə tutulur.

2.19. Qadın əl çantası qara rəngdədir (şəkil 51).

3. Gündəlik geyim forması

3.1. Xidmətin hərbi qulluqçularının gündəlik geyim formasına
aşağıdakılar aiddir:

3.1.1. qış yarımpaltosu – tünd zeytun rəngli;

3.1.2. dəri gödəkçə – tünd qəhvəyi rəngli;

3.1.3. demisezon gödəkçə – tünd zeytun rəngli;

3.1.4. kitel – tünd zeytun rəngli;

3.1.5. qış (yay) idarə geyiminin gödəkçələri – uzunqol və
qısaqol, tünd zeytun rəngli;

3.1.6. yun köynək – tünd zeytun rəngli;

3.1.7. şalvar (qadınlar üçün – yubka və şalvar) – tünd zeytun
rəngli;

3.1.8. şalvar qayışı – qara rəngli;

3.1.9. köynək – uzunqol və qısaqol, sarıya çalan açıq qəhvəyi
rəngli;

3.1.10. mayka – uzunqol və qısaqol, sarıya çalan açıq qəhvəyi
rəngli;

3.1.11. qalstuk – qara və tünd zeytun rəngli;

3.1.12. şərf – tünd zeytun rəngli;

3.1.13. əlcək – qara rəngli;

3.1.14. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon və ya
yarımyun uzunboğaz) – qara (göy) rəngli;

3.1.15. ayaqqabı – qara rəngli;

3.1.16. uzunboğaz çəkmə – qara rəngli;

3.1.17. baş geyimləri – ali zabitlər üçün boz və tünd qəhvəyi
rəngli təbii qaragül dərisindən papaqlar, polkovniklər üçün boz
rəngli təbii qaragül dərisindən qulaqlı papaq və qış papağı, digər
hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq və qış
papağı, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd zeytun
rəngli furajka, tünd zeytun rəngli şlyapa və tünd zeytun rəngli
pilotka;

3.1.18. qadın əl çantası – qara rəngli.

3.2. Qış yarımpaltosu tünd zeytun rəngli parçadan tikilir.
Mərkəzdən dörd böyük adi düymə ilə gizli düymələnən, qatlanan
boyunluqlu, laskanlıdır. Yaxalıq süni dəridəndir və
taxılıb-çıxarılandır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır.
Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş
vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə
istiləşdirilmiş astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.
Ali zabitlər üçün qış yarımpaltosunun qol köbəsinin üstündən
qırmızı rəngli mahuddan kant tikilir. Ali zabitlər və polkovniklər
üçün yaxalıq boz rəngli təbii qaragül dərisindəndir. Qış
yarımpaltosu ali zabitlər üçün tikilmə, digər hərbi qulluqçular
üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Qış yarımpaltosunun öz
rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır.
Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Qış
yarımpaltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini
bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən
fərqləndirmə qol nişanları tikilir (şəkillər 7 – 10).

3.3. Dəri gödəkçə tünd qəhvəyi rəngli dəridən tikilir. Mərkəzdən
gizli zəncirbəndlə bağlanılan, qatlanan boyunluqlu, laskanlıdır.
Yaxalıq tünd qəhvəyi rəngli təbii qaragül dərisindəndir və
taxılıb-çıxarılandır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır.
Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş
vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə
istiləşdirilmiş astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.
Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Ali
zabitlər bu gödəkçəni gündəlik qış geyim formasında geyinirlər
(şəkil 11).

3.4. Demisezon gödəkçə tünd zeytun rəngli parçadandır. Bortları
zəncirbəndlə bağlanılır, astarlıdır. Laylarında yan kəsmə qapaqlı
ciblər vardır. Kürəyi bütöv, düz siluetlidir. Qolları
təktikişlidir. Aşağı kənarlarına elastik trikotaj manjet
tikilmişdir. Tikilmə dik yaxalıqlıdır. Gödəkçənin yaxalığının
künclərində ali zabitlər üçün palıd budaqları şəklində qızılı
rəngli tikmə yaxa nişanı yerləşir. Gödəkçə ali zabitlər üçün
tikilmə, digər hərbi qulluqçular üçün taxılıb-çıxarılan poqonlarla
geyinilir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün
kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir.
Gödəkçənin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini
bildirən, sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən
fərqləndirmə qol nişanları tikilir (şəkillər 12 – 14).

3.5. Kitel tünd zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu,
qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngdə dörd (qadınlar
üçün – üç) böyük forma düyməsi ilə düymələnir. Kitelin layları
kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Hər bir layın üstdən
tikilmiş və orta forma düymələri ilə düymələnən, şaquli qırçınlı,
fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları forma düymələri
ilə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında
aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli,
köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında
iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan
kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər qızılı rəngli orta forma düyməsi ilə və ilgəklə
düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd
budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular
üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün
kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən
qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici
səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə
Xidmətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir
(şəkillər 15 – 17).

3.6. Qış (yay) idarə geyiminin gödəkçəsi tünd zeytun rənglidir.
Gödəkçə düz siluetlidir, astarlıdır, qatlanan yaxalıqlıdır, ön
hissəsi mərkəzdən zəncirbəndlə bağlanılır, kürəyi bütöv biçimlidir.
Yay idarə geyiminin gödəkçəsinin qolları qısadır, qollar qol dibinə
tikiləndir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün
kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə
düymələnir. Gödəkçənin qurşağı manjetlidir. Gödəkçənin sol və sağ
ətəyinin döş nahiyəsinə iç tərəfdən asılma ciblər tikilmişdir.
Gödəkçələrin yaxalığında ali zabitlər üçün palıd budaqları şəklində
qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün isə sarı rəngli
tikmə yaxa nişanı vardır (şəkillər 20 – 25).

3.7. Yun köynək tünd zeytun rəngli yundan toxunur. Yaxası
üçbucaq şəkilli açıqdır. Aşağı kənarlarına manjet tikilmişdir,
zəncirbəndlə bağlanılır. Yun köynəyin çiyin və dirsək hissələrinə
köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Yun
köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Sol
qolunun xarici səthinə cib tikilir. Üzərində heç bir fərqləndirmə
nişanı yoxdur (şəkillər 18 və 19).

3.8. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir.
Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan
cibləri və arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.
Şalvarın miyançası qarmaqla və zəncirbəndlə bağlanılır. Qurşaqda
kəmər üçün yeddi ensiz halqa vardır. Qış (yay) idarə geyimləri
istisna olmaqla, ali zabitlərin şalvarına qırmızı rəngli mahuddan
lampas, digər hərbi qulluqçuların şalvarına qırmızı rəngli mahuddan
kant tikilir.

3.9. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə
qurşaqlıdır, sarja, yaxud sətin astarı vardır. Arxasında zəncirbənd
və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön
hissələri bel səviyyəsində köklənmişdir.

3.10. Şalvar qayışı qara rəngdədir.

3.11. Köynək uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq
qəhvəyi rəngli köynəklik parçadan tikilir. Tikilmə dik
yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri,
şaquli qırçınlı fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları
yarıqlı və manjetlidir (yalnız uzunqol köynəkdə). Kəmərciklər,
bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.
Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın
hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.
Köynək tünd zeytun rəngli taxılıb-çıxarılan poqonlarla geyinilir
(şəkillər 20 – 25).

3.12. Mayka uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq
qəhvəyi rəngli pambıq parçadan tikilir. Yaxası boğaza kimidir. Qış
(yay) idarə geyiminin gödəkçəsi ilə daşınmaq üçün nəzərdə
tutulmuşdur.

3.13. Qalstuk ali zabitlər üçün qara rəngli, digər hərbi
qulluqçular üçün tünd zeytun rəngli parçadan tikilir. İti ucla
tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli
rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı
rəngdə metal sıxacla taxılır (şəkil 52).

3.14. Şərf tünd zeytun rənglidir, qış yarımpaltosunun
yaxalığının altından səliqə ilə qatlanmış vəziyyətdə salınır. Yun
parçadan hazırlanır. Ölçüləri 120×20 sm-dir.

3.15. Əlcək qara rəngli dəridəndir.

3.16. Corab qara (göy) rəngdədir. Qadın hərbi qulluqçular bədən
dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corab
geyinirlər.

3.17. Ayaqqabı qara rəngdədir. Qış ayaqqabısı qara rəngli
xromdandır. Tənzimləyici rezinciyi vardır, dabanı qəliblənmişdir,
altlığı göndəndir, zəncirbəndi və ya bağları vardır. Qadın yay
ayaqqabısı qara rəngli, alçaqdabandır, burnu ensiz, arxa hissəsi
möhkəmləndirilmişdir. Qadın qış ayaqqabısı qara rəngli xromdan
hazırlanır. Altlığı qəliblənmişdir, burnu və arxa hissəsi
möhkəmləndirilmişdir.

3.18. Uzunboğaz çəkmə qara rəngli xromdan hazırlanır. Dabanı
orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır, burnu və
arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu
çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.

3.19. Ali zabitlər üçün papaq boz və tünd qəhvəyi rəngli təbii
qaragül dərisindən tikilir. Günlük boz rəngli təbii qaragül
dərisindən olan papaqda qara rəngli dəridən, tünd qəhvəyi rəngli
təbii qaragül dərisindən olan papaqda tünd qəhvəyi rəngli
dəridəndir, üstünə özünəməxsus qızılı rəngdə naxışı olan üzlük
tikilir. Papaqların içində ipək astar vardır. Qulaqlı papaq boz
rəngli süni xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül
dərisindən tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və
qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı
papağın içində sarja astar, polkovniklər üçün ipək astar vardır.
Qadın hərbi qulluqçular üçün qış papağı boz rəngli süni xəzdəndir,
polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Təpə
hissəsi tünd zeytun rəngli parçadandır, oval formalıdır. Qış
papağının içində sarja astar, polkovniklər üçün ipək astar vardır
(şəkil 36).

3.20. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı
dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların
heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və
kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan
hazırlanır. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan
kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd
qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində
qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd
zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçular üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş
zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxışı olan
üzlük tikilir (şəkil 37).

3.21. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd
zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə,
dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun
olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik forma
düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır.
Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının
eni 9 sm-dir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan
kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngdə
tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə
ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə
naxışı olan tünd zeytun rəngli üzlük tikilir (şəkil 37).

3.22. Pilotka tünd zeytun rəngli parçadan tikilir. Pilotkaların
yan səthinin yuxarı hissəsində ali zabitlər üçün 5 mm, digər
zabitlər üçün 2 mm enində qızılı rəngli zolaq tikilir (şəkil
37).

3.23. Qadın əl çantası qara rəngdədir, gündəlik geyim forması
ilə daşınır (şəkil 51).

4. Səhra geyim forması

4.1. Xidmətin hərbi qulluqçularının səhra geyim formasının
tərkibinə aşağıdakılar aiddir:

4.1.1. istiləşdirilmiş qış gödəkçəsi – kamuflyaj rəngli;

4.1.2. istiləşdirilmiş qış şalvarı – kamuflyaj rəngli;

4.1.3. qış gödəkçəsi – kamuflyaj rəngli;

4.1.4. qış şalvarı – kamuflyaj rəngli;

4.1.5. yay gödəkçəsi – kamuflyaj rəngli;

4.1.6. yay şalvarı – kamuflyaj rəngli;

4.1.7. yun köynək – kamuflyaj rəngli;

4.1.8. uzunqol və qısaqol mayka – kamuflyaj rəngli pambıq
parçadan;

4.1.9. şərf – kamuflyaj rəngli yun (pambıq) parçadan;

4.1.10. uzunboğaz botinka – sarıya çalan açıq qəhvəyi
rəngli;

4.1.11. əlcək – açıq qəhvəyi rəngli;

4.1.12. corab – qara rəngli;

4.1.13. papaq – tünd qəhvəyi rəngli təbii qaragül dərisindən,
qulaqlı papaq və qış papağı – boz rəngli süni xəzdən, polkovniklər
üçün – boz rəngli təbii qaragül dərisindən;

4.1.14. qış furajkası – kamuflyaj rəngli;

4.1.15. şalvar qayışı – tünd zeytun rəngli;

4.1.16. yay furajkası – kamuflyaj rəngli;

4.1.17. uzunqol və qısaqol alt paltarı – qara rəngli pambıq
parçadan;

4.1.18. su keçirməyən plaş-örtük – kamuflyaj rəngli.

4.2. İstiləşdirilmiş qış gödəkçəsi kamuflyaj rəngli parçadan
tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz rəngində
taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər
basmadüymə ilə düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi
bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz
rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.
Gödəkçənin içərisində bel səviyyəsindən tənzimləyici qaytan
keçirilir. Gödəkçə bel kəmərsiz geyinilir. Ali zabitlər üçün
gödəkçənin tünd qəhvəyi rəngli təbii qaragül dərisindən
taxılıb-çıxarılan yaxalığı vardır. Gödəkçənin yaxalığının
künclərinə ali zabitlər üçün palıd budaqları şəklində tünd yaşıl
rəngli, digər hərbi qulluqçular üçün isə (hüquqşünas və tibb
profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna
olmaqla) eyni rəngli tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ
döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı,
inisialı və qan qrupu (rezus-faktor) göstərilən kamuflyaj rəngli
döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin
qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı
tikilir. Laylarında yan kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin
sol qolunun xarici səthinə Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl
rəngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 26 – 28).

4.3. İstiləşdirilmiş qış şalvarı istiləşdirilmiş astar əlavə
edilməklə kamuflyaj rəngli parçadan tikilir. Şalvarla birlikdə
biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə
düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri
vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü
tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat
gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri
qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə
kamuflyaj rəngli parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında
enli elastik lentdən üzəngilər vardır (şəkillər 26 – 28).

4.4. Qış gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan
boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar
üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə
düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür.
Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində
əlavə qat tikilmişdir. Gödəkçənin içərisində bel səviyyəsindən
tənzimləyici qaytan keçirilir. Qolları yarıqlı və manjetlidir, öz
rəngində orta forma düyməsi ilə və ilgəklə düymələnir. Gödəkçə bel
kəmərsiz geyinilir. Gödəkçənin yaxalığının künclərinə ali zabitlər
üçün palıd budaqları şəklində tünd yaşıl rəngli, digər hərbi
qulluqçular üçün (hüquqşünas və tibb profilli hərbi uçot
ixtisaslarına malik olan zabitlər istisna olmaqla) eyni rəngli
tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ döş cibinin qapağı
üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu
(rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali
zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi
göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Laylarında yan
kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə
Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl rəngli fərqləndirmə qol
nişanı tikilir (şəkillər 29 – 31).

4.5. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır.
Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi,
görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa
və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə
belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik
və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın
miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın
diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir.
Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır
(şəkillər 29 – 31).

4.6. Yay gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan
boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar
üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə
düymələnir. Gödəkçə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür.
Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində
əlavə qat tikilmişdir. Gödəkçənin içərisində bel səviyyəsindən
tənzimləyici qaytan keçirilir. Qolları yarıqlı və manjetlidir, öz
rəngində orta forma düyməsi ilə və ilgəklə düymələnir. Gödəkçə bel
kəmərsiz geyinilir. Gödəkçənin yaxalığının künclərinə ali zabitlər
üçün palıd budaqları şəklində tünd yaşıl rəngli, digər hərbi
qulluqçular üçün isə (hüquqşünas və tibb profilli hərbi uçot
ixtisaslarına malik olan zabitlər istisna olmaqla) eyni rəngli
tikmə yaxa nişanı bərkidilir. Gödəkçənin sağ döş cibinin qapağı
üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu
(rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali
zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi
göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Laylarında yan
kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə
Xidmətə mənsubiyyəti bildirən tünd yaşıl rəngli fərqləndirmə qol
nişanı tikilir (şəkillər 32 – 34).

4.7. Yay şalvarı kamuflyaj rəngli parçadan tikilir. Şalvarla
birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən
düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan
cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin
ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və
ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın
miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın
diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir.
Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır
(şəkillər 32 – 34).

4.8. Yun köynək kamuflyaj rənglidir, yundan toxunulur. Yaxası
boğaza kimidir. Aşağı kənarlarına manjet tikilmişdir. Yun köynəyin
çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan
əlavə qatlar tikilir. Yun köynəyin öz rəngində taxılıb-çıxarılan
poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə
və ilgəklə düymələnir. Sol qolunun xarici səthinə cib tikilir.
Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

4.9. Uzunqol və qısaqol maykalar kamuflyaj rəngli pambıq
parçadan tikilir. Yaxası boğaza kimidir.

4.10. Şərf kamuflyaj rəngli yun (pambıq) parçadan hazırlanır.
Ölçüləri 120×20 sm-dir.

4.11. Uzunboğaz botinka sarıya çalan açıq qəhvəyi rəngdədir.
Dabanı və altlığı bütövdür, qəliblənmişdir. Bağları vardır, burnu
və arxa hissəsi möhkəmləndirilmişdir.

4.12. Əlcək açıq qəhvəyi rəngli yundan toxunulur.

4.13. Corab qara rəngdədir və uzunboğaz botinka ilə
geyinilir.

4.14. Papaq ali zabitlər üçün tünd qəhvəyi rəngli təbii qaragül
dərisindən tikilir. Günlüyün üstünə ali zabitlər üçün müəyyən
edilmiş özünəməxsus tünd yaşıl rəngdə naxışı olan kamuflyaj rəngli
üzlük tikilir, günlük bərk materialdan hazırlanır. Papağın içində
ipək astar vardır. Qulaqlı papaq və qış papağı boz rəngli süni
xəzdəndir, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən
tikilir. Papaqların tünd yaşıl rəngli tikmə kokardası vardır
(şəkillər 36 və 38).

4.15. Qış furajkası kamuflyaj rəngli parçadan hazırlanır. Üç
yan, bir ön xişdəkdən, qulaqlıqdan (ali zabitlər istisna olmaqla)
və günlük hissələrdən ibarətdir. İstiləşdirilmiş astarı vardır.
Furajkanın ön xişdəyi üzərində hərbi qulluqçuların heyətləri üçün
müəyyən edilmiş tünd yaşıl rəngli tikmə kokarda vardır. Günlük
üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan
hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən
edilmiş özünəməxsus tünd yaşıl rəngli tikmə naxış vardır (şəkil
38).

4.16. Şalvar qayışı tünd zeytun rənglidir.

4.17. Yay furajkası kamuflyaj rəngli parçadandır. Üç yan, bir ön
xişdəkdən və günlük hissələrdən ibarətdir. Furajkanın ön xişdəyinin
üzərində hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş tünd
yaşıl rəngli tikmə kokarda vardır. İki arxa xişdək furajkanın
ölçüsünü tənzimləyən elastik lentlə yığılır. Günlük üzərinə
kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır.
Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş
özünəməxsus tünd yaşıl rəngli tikmə naxış vardır (şəkil 38).

4.18. Su keçirməyən plaş-örtük kamuflyaj rənglidir, yaz və payız
mövsümündə istifadə edilir (şəkil 35).

5. Fərqləndirmə nişanları

5.1. Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları
müəyyən edilir:

5.1.1. dövlət mənsubiyyətinə görə;

5.1.2. xidmətə mənsubiyyətinə görə;

5.1.3. hərbi rütbəyə görə;

5.1.4. hərbi qulluqçuların heyətinə görə.

5.2. Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını
Xidmətin hərbi qulluqçuları qış paltosunun, qış yarımpaltosunun,
demisezon gödəkçənin və kitelin sağ qolunun xarici səthində
daşıyırlar.

5.3. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə nişanı üstündə
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti” sözləri yazılmış Azərbaycan Respublikasının Dövlət
Gerbinin təsviri olan qol nişanı və metaldan (parçadan)
hazırlanmış, üzərində Xidmətin emblemi yerləşdirilmiş döş və yaxa
nişanlarıdır (şəkillər 46 və 50).

5.4. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə qol nişanını hərbi
qulluqçular qış paltosunun, qış yarımpaltosunun, demisezon
gödəkçənin, kitelin və kamuflyaj rəngli gödəkçələrin sol qolunun
xarici səthində daşıyırlar (şəkil 46).

5.5. Xidmətə mənsubiyyətinə görə fərqləndirmə döş nişanını hərbi
qulluqçular (Xidmətin rəisi və ali zabitlər istisna olmaqla)
kitelin (metaldan), qış (yay) idarə geyiminin gödəkçəsinin və
qısaqol köynəyin (parçadan) sol döşündə daşıyırlar (şəkil 46).

5.6. Fərqləndirmə yaxa nişanını ali zabitlər demisezon
gödəkçənin, kitelin, qış (yay) idarə geyimlərinin gödəkçələrinin,
kamuflyaj rəngli gödəkçələrin yaxalıqlarının künclərində
daşıyırlar. Ali zabitlərin demisezon gödəkçələrinə, kitelinə, qış
(yay) idarə geyimlərinin gödəkçələrinə palıd budaqları şəklində
qızılı rəngli, kamuflyaj rəngli gödəkçələrinə isə tünd yaşıl rəngli
tikmə yaxa nişanı tikilir. Digər hərbi qulluqçular yaxa nişanını
kitelin, qış (yay) idarə geyimlərinin gödəkçələrinin, kamuflyaj
rəngli gödəkçələrin yaxalıqlarının künclərində daşıyırlar.
Zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının kitelinin yaxalıqlarının künclərinə qızılı rəngdə
metal emblem bərkidilir. Qış (yay) idarə geyimlərinin gödəkçələrinə
qızılı rəngli, səhra geyim formasının gödəkçələrinə tünd yaşıl
rəngli tikmə yaxa nişanı (hüquqşünas və tibb profilli hərbi uçot
ixtisaslarına malik olan zabitlər istisna olmaqla) tikilir.
Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan
zabitləri prokurorluğun müvafiq metaldan olan qızılı rəngli, tibb
profilli hərbi uçot ixtisaslarına malik olan zabitləri isə
Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli yaxa
nişanını daşıyırlar (şəkil 50).

5.7. Xidmətin hərbi qulluqçularının hərbi rütbəyə görə
fərqləndirmə nişanları poqonlardır. Poqonlar hərbi rütbəni müəyyən
etmək üçündür. Poqonları bütün hərbi qulluqçular daşıyırlar.
Xidmətin hərbi qulluqçularının poqonlarının rəngləri tünd zeytun
rəngində, səhra geyim formasının poqonları isə kamuflyaj rəngində
müəyyən edilir (şəkil 40).

5.8. Daşınma üsuluna görə poqonlar tikilmə və taxılıb-çıxarılan
poqonlara bölünür:

5.8.1. tikilmə poqonları ali zabitlər mərasim geyim formasının
qış paltosunda və kitelində, gündəlik geyim formasının qış
yarımpaltosunda, demisezon gödəkçədə və kiteldə daşıyırlar. Digər
hərbi qulluqçularda tikilmə poqonlar mərasim geyim formasının qış
paltosunda və kitelində, gündəlik geyim formasının kitelində
daşınır. Mərasim geyim formasının poqonlarında qızılı rəngdə naxış
vardır. Ali zabitlərin poqonlarının kənarlarında qırmızı rəngli
kant vardır. Ali zabitlərin mərasim və gündəlik geyim formaları
üçün tikilmə poqonlarının aşağı kənarından 10 mm məsafədə
çarpazlaşdırılmış qılınclarla qızılı rəngli aypara və səkkizguşəli
ulduz yerləşdirilir. Ayparanın ölçüləri 42×27 mm-dir. Baş
zabitlərin tikilmə poqonlarının aşağı kənarından 12 mm məsafədə
qızılı rəngli metaldan aypara və səkkizguşəli ulduz yerləşdirilir.
Ayparanın ölçüləri 40×25 mm-dir. Tikilmə poqonların yuxarı hissəsi
hərbi qulluqçuların heyətindən asılı olaraq, 15 mm diametrli
müvafiq qızılı rəngli orta forma düyməsi ilə bərkidilir. Tikilmə
poqonların uzunluğu 120-180 mm, aşağı kənarının eni ali zabitlər
üçün 56 mm, digər hərbi qulluqçular üçün 50 mm, yuxarı kənarının
eni ali zabitlər üçün 40 mm, digər hərbi qulluqçular üçün isə 35
mm-dir.

Kiçik zabitlərin tikilmə poqonlarında onların hərbi rütbələrinə
müvafiq metaldan qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir.
Gizirlərin tikilmə poqonlarında qızılı rəngli metaldan günyə və
onların hərbi rütbələrinə müvafiq metaldan səkkizguşəli ulduzlar
yerləşdirilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının tikilmə poqonlarında isə onların hərbi rütbələrinə
müvafiq qızılı rəngli metaldan günyələr yerləşdirilir. Ulduzlar
guşələrindən biri poqonun düyməsinə doğru, günyələr isə poqonun
aşağı kənarından düyməsinə doğru istiqamətlənmiş halda
yerləşdirilir (şəkillər 41 – 44);

5.8.2. taxılıb-çıxarılan poqonları ali zabitlər dəri gödəkçədə,
qış (yay) idarə geyimlərinin gödəkçələrində, səhra geyim formasının
gödəkçələrində, yun köynəklərdə və köynəklərdə, digər hərbi
qulluqçular isə qış yarımpaltosunda, demisezon gödəkçədə, qış (yay)
idarə geyimlərinin gödəkçələrində, səhra geyim formasının
gödəkçələrində, yun köynəklərdə və köynəklərdə daşıyırlar.
Taxılıb-çıxarılan poqonlar poqon üçün nəzərdə tutulan kəmərciklərə
taxılır, yuxarı hissəsində tünd zeytun rəngli (köynəklərdə sarıya
çalan açıq qəhvəyi rəngli) kiçik forma düyməsi yerləşdirilir. Ali
zabitlərin taxılıb-çıxarılan poqonlarının aşağı kənarından 10 mm
məsafədə qızılı rəngli, səhra geyim forması üçün tünd yaşıl rəngli
çarpazlaşdırılmış qılınclarla aypara və səkkizguşəli ulduz
yerləşdirilir. Ayparanın ölçüləri 42×27 mm-dir. Baş zabitlərin
gündəlik geyim forması üçün taxılıb-çıxarılan poqonlarının aşağı
kənarından 12 mm məsafədə qızılı rəngli, səhra geyim forması üçün
tünd yaşıl rəngli aypara və səkkizguşəli ulduz tikilir. Ayparanın
ölçüləri 40×25 mm-dir.

Kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarına qızılı, səhra
geyim forması üçün tünd yaşıl rəngli səkkizguşəli ulduzlar tikilir.
Gizirlərin taxılıb-çıxarılan paqonlarına qızılı, səhra geyim
forması üçün tünd yaşıl rəngli xətt və onların hərbi rütbələrinə
müvafiq səkkizguşəli ulduzlar tikilir. Müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularının poqonlarına isə onların hərbi
rütbələrinə müvafiq qızılı, səhra geyim forması üçün tünd yaşıl
rəngli xətlər tikilir. Xidmətin hüquqşünas profilli hərbi uçot
ixtisaslarına malik olan zabitlərinin gündəlik geyim formasının
taxılıb-çıxarılan poqonlarında qızılı və səhra geyim forması üçün
tünd yaşıl rəngli prokurorluğun müvafiq emblemi yerləşdirilir.
Xidmətin tibb profilli hərbi uçot ixtisaslarına malik olan
zabitlərinin gündəlik geyim formasının taxılıb-çıxarılan
poqonlarında qızılı və səhra geyim forması üçün tünd yaşıl rəngli
Ümumdünya Səhiyyə Təşkilatının müvafiq emblemi yerləşdirilir. Ali
zabitlərin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə
poqonlarının ölçüləri ilə eynidir. Digər zabitlərin, gizirlərin və
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
taxılıb-çıxarılan poqonlarının uzunluğu 125 mm, aşağı hissəsinin
eni zabitlərdə 60 mm, gizirlərdə və müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularında 50 mm, yuxarı hissəsinin eni isə 45
mm-dir. Gizirlərin taxılıb-çıxarılan poqonlarının aşağısında 8 mm
enində qızılı rəngli xətt vardır. Ulduzların ölçüsü 17 mm-dir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
poqonlarının aşağısında onların hərbi rütbələrinə müvafiq 7 mm
enində xətlər vardır. Xətlər arasındakı məsafə 2 mm-dir (şəkillər
40, 42 – 45).

5.9. Xidmət rəisinin poqonlarının kənarları qızılı rəngli palıd
yarpaqları ilə əhatələnmişdir. Səhra geyim formasının poqonları isə
tünd yaşıl rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil
39).

5.10. Zabitlərin heyətindən asılı olaraq, onların poqonlarındakı
ulduzların ölçüləri müxtəlifdir: ali zabitlər üçün – 25 mm, baş
zabitlər üçün – 22 mm, kiçik zabitlər üçün –17 mm-dir (şəkil
42).

5.11. Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə
yerləşdirilir. Hərbi rütbədən asılı olaraq, poqonlarda ulduzların
sayı aşağıdakı kimidir (şəkillər 39 və 40):

5.11.1. general-polkovnik – 3 ulduz;

5.11.2. general-leytenant – 2 ulduz;

5.11.3. general-mayor – 1 ulduz;

5.11.4. polkovnik – 3 ulduz;

5.11.5. polkovnik-leytenant – 2 ulduz;

5.11.6. mayor – 1 ulduz;

5.11.7. kapitan – 4 ulduz;

5.11.8. baş leytenant – 3 ulduz;

5.11.9. leytenant – 2 ulduz;

5.11.10. kiçik leytenant – 1 ulduz.

5.12. Gizirlərin hərbi rütbəyə görə poqonlarında ulduzların sayı
aşağıdakı kimi müəyyən edilir (şəkil 40):

5.12.1. baş gizir – 3 ulduz;

5.12.2. gizir – 2 ulduz;

5.12.3. kiçik gizir – 1 ulduz.

5.13. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
poqonları üçün günyələrin (xətlərin) sayı aşağıdakı kimi müəyyən
edilir (şəkil 40):

5.13.1. baş çavuş – 4 günyə (xətt);

5.13.2. çavuş – 3 günyə (xətt);

5.13.3. kiçik çavuş – 2 günyə (xətt).

5.14. Səhra geyim formasının və xüsusi geyimin poqonlar üçün
nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim
formasının geyim əşyalarında (qış yarımpaltosu, demisezon gödəkçə,
gödəkçələr, yun köynək və köynəkdən başqa) poqonlar üçün nəzərdə
tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düyməsi ilə
düymələnir.

5.15. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş
geyimi nişanı olan kokardadır. Kokardalar mərasim və gündəlik geyim
formalarında qızılı rəngli, səhra geyim formasında isə tünd yaşıl
rəngli, tikiləndir. Kokardaların təsvirindəki fon tünd zeytun
rəngindədir. Kokardaların üstündəki təsvir hərbi qulluqçuların
heyətindən asılı olaraq, ali zabitlər, zabitlər, gizirlər və
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün
kokardalara görə bölünür (şəkil 48).

5.16. Kokardaların ölçüləri (şəkil 49):

5.16.1. ali zabitlər üçün – papaqlarda, tünd zeytun rəngli
furajkada, tünd zeytun rəngli şlyapada, kamuflyaj rəngli
furajkalarda 131×67 mm, buxara papaqda və tünd zeytun rəngli
pilotkada 80×50 mm-dir;

5.16.2. zabitlər üçün – 68×58 mm-dir;

5.16.3. gizirlər üçün – 48×52 mm-dir;

5.16.4. müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları üçün –
30×40 mm-dir.

5.17. Kokarda bütün növ baş geyimlərinin (pilotkadan başqa) ön
tərəfində yerləşdirilməlidir. Pilotkada kokardalar sol tərəfdə
yerləşdirilir.

5.18. Kokarda aşağıdakı qaydada yerləşdirilir (şəkil 49):

5.18.1. buxara papaqda – papağın aşağı kənarından 50 mm
məsafədə;

5.18.2. papaqlarda – papaqların aşağı kənarından 5 mm
məsafədə;

5.18.3. qulaqlı papaqda və qış papağında – papaqların aşağı
kənarından 30 mm məsafədə;

5.18.4. furajkada – dekorativ çənəaltı qayışcığın
yuxarısında;

5.18.5. şlyapada – dekorativ çənəaltı qayışcığın
yuxarısında;

5.18.6. pilotkada – sol tərəfdə, pilotkanın aşağı və ön
kənarından kokardanın aşağı və yan kənarınadək 20 mm məsafədə;

5.18.7. kamuflyaj furajkada – günlükdən 5 mm məsafədə.

Teqlər: