“Shokki Mokki” və Vuvuzela Medianın birgə ərsəyə gətirdiyi “Kiçik addımlarla böyük uğurlar” layihəsinin ilkin görüşü Gəncədə keçirilib.
AzerTimes xəbər verir ki, “İdman maneə tanımır” şüarı ilə həyata keçirilən, uşaqların zehni və fiziki inkişafında mühüm rol oynayacaq “Kiçik addımlarla böyük uğurlar” layihəsində Bakıdan və bölgələrdən 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulub.
Eyni zamanda bura “Məktəbim” proqramı çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq.
“Shokki Mokki” brendinin marketinq müdiri Nəzrin Əliyevanin sözlərinə görə “Kiçik addımlarla böyük uğurlar” “Məktəbim” proqramı çərçivəsində həyata keçirilən ən böyük layihədir:
“Bugün “Məktəbim proqramı çərçivəsində biz ən böyük yeni layihəmizi təqdim etdik. “Kiçik addımlarla böyük uğurlar”. Bu layihədə tərəfdaşımız Azərbaycanda və Azərbaycandan kənarda tanınan, bayrağımızı göylərdə ucaldan “Qarabağ” idman klubudur. Klubun futbolçuları, baş məşqçisi uşaqlarla görüşlər keçirdi, onları idmana həvəsləndirəcək məsləhətlər verdi”.
Layihənin fəxri səfiri, xalq artisti Tünzalə Ağayeva isə bu layihə üçün bəstələdiyi himndən danışdı:
“Körpələrimizlə fləşmob oynadıq, rəqs etdik, mahnı oxuduq. Hansı ki, bu mahnı “Məktəbim” proqramı çərçivəsində “Kiçik addımlarla, böyük uğurlar” layihəsinə həsr olunub”.
Qeyd edək ki, 1 iyunda Gəncə şəhərində start verilən layihənin növbəti görüşü Bakıda, son tədbiri isə 7 iyun tarixində Qubada keçiriləcək.