ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan və Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə milli markamız “Shokki Mokki” Azərbaycanın ən böyük KSM layihələrindən olan “Məktəbim”i təqdim edib.
Tədbirdə dövlət rəsmiləri, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək faydalı məlumatlar paylaşıblar.
“Shokki Mokki”nin marketinq müdiri Nəzrin Əliyeva çıxış edərək, Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıb.
Daha sonra markanın icra etdiyi “Məktəbim” layihəsindən danışan şirkət rəsmisi bildirib ki, “Məktəbim” Azərbaycan təhsil sahəsində özəl şirkətlərin KSM layihələri içərisində mühüm əhəmiyyətə malikdir.
Nəzrin Əliyeva bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqları üçün yaradılan şəraitdən danışıb və qadınlara yeni iş imkanlarının yaradılmasını da xüsusi vurğulayıb.
Qeyd edək ki, hazırda Bakı və bölgələrdə 30-dan çox “Məktəbim” təhsil ocağı fəaliyyət göstərir. Bu layihə çərçivəsində bölgədə yaşayan qadınlar xüsusi təlim keçdikdən sonra işlə təmin olunurlar ki, bununla da onların məşğulluğunun artırılmasına mühüm töhfə verilir.