SEZAR-lar erməni ordusunu gücləndirəcək – Polkovnik

SEZAR-lar erməni ordusunu gücləndirəcək – Polkovnik

Fransanın Ermənistana vermək istədiyi SEZAR artilleriya sistemi 155 mm çaplıdır və yük maşınlarına montaj edilir.

Bu sözləri AzerTimes-a Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnikin sözlərinə görə, bu artilleriya sistemi Ermənistan ordusunun vəziyyətini yaxşılaşdıracaq:

“Klassik artilleriya sistemləri ya bir yük maşınının arxasına qoşqu ilə qoşulur, yaxud da zirehli texnikanın üzərinə montaj edilir. Bəhs etdiyimiz artilleriya sistemi isə yük maşınının arxasına qoşqu ilə birləşmir, birbaşa ona montaj edilir. Bu da SEZAR-lara əlavə hərəkət qabiliyyəti qazandırır. Müxtəlif sursatlarla atış mənzili 40 km-ə qədərdir. Dəqiqədə 6-8 mərmi atma və 400-500 metrlik bir sahəni bağlama gücünə sahibdir. Bu sistemlər ilk dəfə 2009-cu ildə Fransa ordusunun invertarına qəbul edilib. Artilleriya sistemi Afrikada istifadə olunub və öz şöhrətini Ukrayna müharibəsində qazanıb. Hətta Böyük Britaniya və ABŞ da bu artilleriya sistemini almağı düşünür. Klassik artilleriya sistemlərindən fərqli olaraq, qısa vaxt ərzində həm yerini, həm də atəş mənzilini dəyişdirə bilir. Çünki atəş açdıqdan sonra eyni yerdə qalmaq artilleriya sistemlərinin vurulma ehtimalını gücləndirir. SEZAR-lar isə bu xüsusiyyəti ilə qarşı tərəfin hədəfi olmaqdan yayınır. Əslində Ermənistanın Fransadan SEZAR-ları almaq istəyi təəccüb doğuran bir məsələdir. Çünki əvvəl də Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemlərini, MArG 155 təkərli özüyeriyən haubitsalarını alması ilə bağlı xəbərlər yayılmışdı. Eyni anda iki fərqli ordudan bunları almaq qarşıdakı vaxtda Ermənistanda həm logistika, həm də şəxsi heyət məsələsində problemlər yaradacaq. Yəqin ki, Hindistandan aldıqları sistemlərdə hansısa inteqrasiya problemləri var, ya da qiymət bahadır, ona görə də Fransaya üz tutublar”.

Ekspert qeyd edib ki, SEZAR-lar şəxsi heyət məsələsinə görə də əlverişli imkanlar verir:

“Belə ki, bu artilleriya sisteminin şəxsi heyəti 5 nəfər olsa da, elektronlaşmaya görə 3 nəfərlə də idarə etmək mümkündür. Xüsusilə bildirmək istəyirəm ki, atəş nəzarət sistemi də tamamilə naviqasiya proqramları ilə əhatə olunub. Rusiya istehsalı olan bənzər 152 mm-lik artilleriya sistemləri modifikasiya olunduqdan sonra belə maksimum 25 km atəş mənzilinə sahibdir. Yəni SEZAR-lar əgər alınsa, Ermənistan ordusunun atəş gücünü xeyli artıracaq”.

Sadiq Akyar Azərbaycan Ordusunun SEZAR-lara qarşı Türkiyə istehsalı olan T-155 Fırtına və “Altay” tanklarından effektiv şəkildə istifadə edə biləcəyini vurğulayıb:

“Bəs Azərbaycan buna qarşı hansı addımları atmalıdır? Bildiyimiz kimi, Türkiyədə T-155 Fırtına özüyeriyən artilleriya qurğuları istehsal olunmaqdadır. “Altay” tanklarının da motoru ilə bağlı məsələlərin həlli yekunlaşmaq üzrədir. Fikrimcə, Azərbaycan Silahlı Qüvvələri də maksimum şəkildə həm “Fırtına”dan, həm də “Altay” tanklarından istifadə edə bilər”.

Qeyd edək ki, Fransa Senatı hökumətə SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.

Teqlər: