Fransa kifayət qədər yüksək səviyyəli hərbi sənayeyə malikdir və özünü demək olar ki, bütün silah çeşidləri ilə təmin edə bilən ölkələr siyahısındadır. Biz “Sezar” artilleriya sistemini, dünyada böyük tələbat olan 155 mm-lik topları alırıq.
AzerTimes xəbər verir ki, bu barədə erməni hərbi ekspert Narek Nersisyan Fransanın Ermənistana verdiyi “Sezar” artilleriya sistemləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişəsi səbəbindən bu toplar üçün müvafiq sayda mərmilərin idxalı bir qədər çətindir:
“Ukrayna Qərb, NATO standartlarına əməl edir, ona görə də cəbhədə 155 millimetrlik toplardan istifadə edir. AB əvvəllər bu ilin sonuna qədər Ukraynaya bir milyon mərmi tədarük edəcəyinə söz vermişdisə, bu gün cəmi 250 minə yaxın ayıra bilib. İstehsalını genişləndirmək istəyən ABŞ türk şirkətlərindən biri ilə müqavilə imzalayıb və ABŞ-da ortaq istehsal zavodu açıb. Yuxarıda qeyd olunan mərmilərin sayı bugünkü münaqişələr şəraitində çox məhduddur. Müqayisə üçün qeyd edək ki, Rusiya illik 152 mm-lik mərmi istehsalını dörd milyona çatdırıb. Biz həm də mərmilərin və 155 millimetrlik topların ehtiyat hissələrinin xaricdən idxalı ilə kifayətlənmək əvəzinə, Ermənistanda istehsalını qurmağa çalışmalıyıq. Qısa müddət ərzində o istehsalı qurmağımız tamamilə mümkündür”.
“Hraparak” isə qeyd edib ki, standartlara görə bir haubitsa üçün minimum 2-3 min, ortalama isə 6 min mərmi tədarükü lazımdır. İrəvan isə 36 ədəd “Sezar” almağı planlaşdırır və ona 200 mindən çox mərmi lazımdır.