Sentyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İraq parlamentinin deputatı, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əl Kənaninin başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb.
Qurumdan AzerTimes-a bildiriblər ki, tədbirdə çıxış edən şeyxülislam A.Paşazadə Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışıb, dini və mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.
QMİ sədri hələ ötən əsrin 70-ci illərindən başlayaraq İraqa səfərləri, dövlət rəsmiləri, nüfuzlu din alimləri ilə keçirdiyi çoxsaylı görüşlər barədə qonaqlara məlumat verib.
Şeyxülislam A.Paşazadə bildirib ki, iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə iki tərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır.
QMİ sədri, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə danışıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirib.
İraq parlamentinin deputatı Cabbar Əli Kənani səfərinin məqsədi, başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.