Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurasının keçirdiyi beynəlxalq konfransda iştirak edib

Fransada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Strasburq şəhərində
Avropa Şurasının sədr müavini Byorn Berq ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, İslam
dünyasının yeganə təmsilçisi qismində Avropa Şurasının “Din və
sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda
keçirdiyi beynəlxalq konfransda iştirak və məruzə etmiş Şeyxülislam
A. Paşazadəni səmimi salamlayan B. Berq müsəlmanların müqəddəs
Ramazan bayramı münasibətilə Azərbaycanın və Qafqazın dini liderini
təbrik edib, belə bir xoş gündə Strasburqda olmasından məmnunluğunu
bildirərək səmimi arzularını ifadə edib.

Şeyxülislam A.Paşazadə Avropa Şurasının keçirdiyi tədbirə böyük
önəm verərək qatıldığını və burada müzakirə olunan dinlərarası
dialoqun dərin əhəmiyyət kəsb etməsini vurğulayıb.

O bildirib ki, dünyada sülhün və müqəddəs dəyər olan insan
həyatının qorunması istiqamətində 40 ildən artıq Şeyxülislamlıq
fəaliyyəti dövründə dinlərarası dialoq müstəvisinə hər zaman önəm
verib, bu yöndə əməli səylərini, o cümlədən, beynəlxalq
təşkilatlarla əməkdaşlıq zəminində səylərini əsirgəməyib.

Avropa Şurası təmsilçisi Şeyxülislam A. Paşazadənin fəaliyyətini
yüksək qiymətləndirərək onun Qafqazda sülhün bərqərarı üçün dini
liderlərlə görüşlərini dəyərləndirərək bunu dinlərarası dialoq
işinə böyük töhfə kimi qeyd edib. QMİ sədri sülhyaratma
istiqamətində dini liderlərin görüşlərində davamlı iştirakının ən
mühüm nəticəsi kimi Qafqazda münaqişənin heç bir vəchlə dini
qarşıdurma müstəvisinə keçməməsini vurğulayaraq, bu istiqamətdə
səyləri olduqca yüksək qiymətləndirib.

Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində Zəfər
qazanmasından sonra azad olunmuş torpaqlarımızda aparılan
yenidənqurma, dini-mənəvi irsin dirçəldilməsi yönündə aparılan
işlər kontekstində Şeyxülislam A. Paşazadə bir sıra mühüm məqamları
AŞ Baş katibi müavininin diqqətinə çatdırıb. Bu əsnada, işğal
dövründə İslam dini abidələrinin həqarətə uğradılması, məhv
edilməsi ilə yanaşı xristian və digər dinlərə mənsub mənəvi
məkanların, qəbiristanlıq və tarixi abidələrin da vandalizm qurbanı
olması məsələsinə diqqəti çəkən Şeyxülislam A. Paşazadə erməni
işğalçılarının dini məbədlərin, o cümlədən, xristian kilsələrinin
mənşəyinin dəyişdirilməsi yönündə həyata keçirdikləri saxtalaşdırma
işlərindən bəhs etdi. Şeyxülislam bildirib ki, Azərbaycandakı dini
konfessiya rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş əraziləri
ilk dəfə ziyarət edərkən milli-mənəvi-dini irsimizə qarşı
işğalçılar tərəfindən törədilmiş cinayətlərin miqyasını – mədəni
irsə qarşı soyqırımın dəhşətlərini görmüşlər. Törətdikləri
vandalizm aktlarını danan erməni tərəfinin dünya ictimaiyyətinə
guya onların dini məbədlərinin dağıdılması ilə bağlı müraciətlər
edərək saxta məlumatlar yaymasını yolverilməz hesab edən QMİ sədri
A. Paşazadə Avropa Şurası rəsmilərini azad edilmiş torpaqlarımıza
səfər etməyə dəvət edərək bütün faktları özlərinin müşahidə
etməsini təklif edib.

Azərbaycan dövlətinin multikultural həyatı dəstəkləyən
siyasətindən bəhs edən QMİ sədri Şeyxülislam A. Paşazadə müxtəlif
dini və milli mənsubiyyət daşıyıcısı olan vətəndaşlarımızın
dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından, öz dini
ibadətlərini, bayramlarını azad qeyd etmələrindən, dini
məbədlərinin dövlət tərəfindən təmir-bərpa, yenilərinin inşa
edilməsindən bəhs edib. Azərbaycanda dövlət-din münasibətlərinin
yüksək səviyyədə qurulmasının vacib amil olduğuna diqqəti çəkən
Şeyxülislam A. Paşazadə bu müdrik siyasətin əsasının xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmasını və bu gün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə
davam və inkişaf etdirilməsindən danışıb və bu siyasətin uğurunun
təzahürü olaraq Azərbaycanda mənəvi harmoniya şəraitində yaşayan,
bütün dünya üçün nümunəvi birgəyaşayış modeli olan multikultural
cəmiyyətin mövcudluğunu vurğulayıb. Bildirib ki, dünyada insan
həmrəyliyinə xidmət edən qlobal ideyalar irəli sürən Azərbaycan
Prezidenti İlham Əliyev multikulturalim, İslam həmrəyliyi illərinin
elan olunmasının təşəbbüskarı, Mədəniyətlərarası dialoqa dair
məşhur Bakı prosesinin müəllifidir. Azərbaycanda dini konfessiya
rəhbərlərinin dövlət rəhbəri ilə qardaşlıq süfrəsi — İftar
mərasimlərində bir araya gəlmək kimi dəyərli ənənəsi mövcuddur.

Şeyxülislam A. Paşazadə Avropa Şurasının Strasburqda baş tutmuş
konfransa, dinlərarası dialoqa dair Strasburq prinsiplərinə böyük
dəyər verdi və qurum xəttilə bu prosesin davamı olaraq növbəti
konfransın tolerantlıq məkanı və multikultural dəyərlər ölkəsi
Azərbaycanda keçirilməsini təklif edib. Avropa Şurasının rəsmisi
Byorn Berq bu təklifi müsbət qiymətləndirib və qurumlarının gələcək
konfranslarla bağlı dəyərləndirilmə prosesində bu təklifin hökmən
nəzərdən keçiriləcəyini qeyd edib.

Teqlər: