Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikan Dövlətinin iqamətgahı Ankarada olmaqla Türkiyə və Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski ilə görüşüb.
AzerTimes xəbər verir ki, QMİ sədri Azərbaycanla Vatikan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, arxiyepiskop Marek Solçinski ilə əvvəllər də görüşdüyünü, lakin onunla səfir kimi ilk dəfə söhbət etdiyini diqqətə çatdırıb.
Şeyxülislam arxiyepiskopun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycana səfər etməsindən çox şad olduğunu bildirib. Deyib ki, dövlət rəhbərləri Azərbaycanla Vatikan arasındakı əlaqələrə çox böyük diqqət göstərirlər.
A.Paşazadə qonağa, həmçinin Azərbaycan ərazilərinin işğalı zamanı dini abidələrin, o cümlədən məscidlərin və kilsələrin dağıdıldığı barədə məlumat verib, hazırda isə həmin ərazilərdə dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə danışıb. Vurğulanıb ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərə məxsus tarixi-dini abidələr qorunur, onlara xüsusi qayğı ilə yanaşılır. Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyi və dövlətimizin başçısının bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisi olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri, orada yerləşən bəzi abidələrin Heydər Əliyev Fondu tərəfindən bərpası istiqamətində görülən mühüm işlərdən də bəhs olunub.
Arxiyepiskop Marek Solçinski Vatikanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ərəfəsində ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib.
Nunsi, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəyini vurğulayıb.
Görüşdə Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə nəzərdə tutulan səfərinin detalları müzakirə olunub.