12 dekabr – “21 Azər” hərəkatının ildönümüdür.
AzerTimes bu günlə bağlı Seyid Cəfər Pişəvərinin Azərbaycan Milli Hökuməti üçün Azərbaycan dilinin əhəmiyyəti haqqında 1945-ildə Təbriz şəhərindəki çıxışını olduğu kimi təqdim edir:
“Ruznaməmiz (Qəzet) artıq türkcəyə əhəmiyyət verəcəkdir. Dilimiz düşmənlərin boş iddiasına baxmayaraq, çox geniş və qəni (zəngin) bir dildir. Onun rişəsi xalqımızın qanında və ürəyindədir, onu ana südü ilə əmib vətənimizin ruhnəvaz (ruhu oxşayan) havası ilə tənəffüs etmişdir. Ona tovhin (təhqir) edənlər, onu təhmiri (çirkin) və məsnoi (süni) göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir. Çox xain və əcnəbi ünsürlər qərinlər (qərinələrlə) ilə bu dili ortadan qaldırmağa çalışmışdılar. Onun tərəqqisinə və yaşamasına maneə olmaq məqsədilə, məxsusən ən qəddar azadlıq düşməni olan Rza xan dövləti var qüvvəsini sərf etmişdir. Bununla belə, o, sarsılmaz və möhkəm bir halda xalqın içərisində baqi (daimi) qalıb, öz məqamını saxlamışdır. Bu vasitə ilə mədəni və mütərəqqi bir dil olduğunu isbata yetirmişdir.
Türkcə adi bir dil deyildir. Onun böyük xalq və geniş camaat qüvvəsi kimi arxası vardır. Dilimiz xalqın yaratdığı dastanlar, zərb-məsəllər, hekayələr və nağıllar ilə dünyanın ən böyük dilləri ilə rəqabət edə bilər. Şairlərimiz, ədiblərimiz bu dil vasitəsilə ehsas (hisslərini) saatlarını və öz hünər və sənətlərini vücuda gətirib xalqın nəzərini cəlb edə bilərlər. Bizim vəzifəmiz onu genişləndirmək, onu müasir hala salmaq, onun gözəlliklərini, incəliklərini, hiss və anıtını toz-torpaqdan çıxarıb təmiz və ali zərf içərisində xalqa təqdim etməkdən ibarətdir. Türkcə o qədər qüvvətli və onun sərf ilə nəhf (incələmək, araşdırmaq) qaydaları o qədər təbiidir ki, hətta onun içinə varid edilmiş (əlavə edilmiş) fars və ərəb kəlimələri ixrac edilsə belə, onunla böyük fikirləri, ali məqsədləri yazıb, şərh etmək mümkündür. Biz xalqın istedadını nəzərdə tutub, bu işi nahegahana (ani) bir surətdə görmək ehtiyacı hiss etmirik. Əqidəmizə görə yazı gərək xalqın danışdığı və anladığı bir şivədə idamə tapsın (davam etsin). Məqsədimiz ədəbi müsabiqə deyil, xalqı başa salmaq, ona həqiqəti aşkar bir şəkildə göstərməkdir. O cəhətdən biz xalq tərəfindən qəbul edilib, istimal olunan (işlədilən) ərəb və fars kəlimələrini müvəqqəti olsa belə, saxlamaq lüzumunu inkar etmirik, lakin onlara dilimizin qaydalarını tətbiq edib, ahənginə uyğun bir hala gətirməliyik. Dünyada bir dil tapılmaz ki, o tamamilə müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin. Bizim türkcəmiz də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox əcnəbi kəlmələr xalqımızın ağzına düşmüş və getdikcə milliləşdirilmişdir. Biz dilin təkamülünü nəzərdə tutub o kəlimələrdən istifadə etməyi lazım bilirik, lakin bundan sui-istifadə edib dil və yazını qəlizləşdirmək, vəhşi və mənası anlaşılmaz kəlmələr ilə hisaba qatmağa ciddən müxalifət etməliyik. Azərbaycan yazıçıları qəbul etdikləri bir çətin və ağır vəzifəni iman və əqidə ilə ifadə etməklə dilimizin gözəlliyini və onun tərəqqi və təkamülünü təmin edəcəklərinə bizim ciddi imanımız vardır”.