Xəbər - Fərid Zöhrabov -Trend:
Qarşıdan Yeni İl gəlir. Vətəndaşlarımız bayram günlərindən istifadə edib xaricə üz tuturlar. Ölkəmizdən kənarda səyahətdə olduğumuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Ani qarşılaşdığımız xəstəliklər, bədbəxt hadisələr istirahətimizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir. Bəzi sığorta şirkətləri xaricə gedən turistlərin orada COVİD-19-a yoluxma faktı ilə bağlı müalicə xərclərinin ödənməyəcəyini bildirirlər.
Mövzu ilə bağlı Trend-ə danışan sığorta üzrə ekspert İlkin Nəcəfov deyib ki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri COVİD-19-la bağlı sığorta üçün yüksək maliyyə tələb edirlər.
Onun sözlərinə görə, bu da sığorta şirkətlərinin mövcud tariflərilə xaricdə Covid-19-a yoluxan turistin xərcinin qarşılanması qeyri-adekvat olduğuna görə məqsədəuyğun hesab edilmir.
“Bəzi Avropa ölkələri pandemiyadan qabaq sığorta təminatı üçün 30 000 avro minimal tələb qoyaraq viza verirdilər. Pandemiyadan sonrakı dövrdə isə şərtləri sərtləşdiriblər. Artıq sığorta paketlərinin təminatlı olması ilə bağlı tələblər qoyulub. Belə ki, 30 000 avro minimal tələb olunan sığorta təminatından əlavə olaraq eyni məbləği COVİD-19 təminatı üçün istəyirlər. Sığorta şirkətlərimiz standart şengen tələbinə görə sığorta ödəyirlər. Bəzi Avropa ölkələrinin səfirlikləri bu səbəbdən şengen viza üçün müraciət edənlərə viza açmırlar. Belə olduqda vətəndaşlarımız viza verməyən səfirliklərin tövsiyə etdiyi şirkətlərdən onlayn qaydada sığorta paketi alırlar”, – deyə ekspert bildirib.