Ukrayna Səudiyyə Ərəbistanında dövlət başçılarının milli təhlükəsizlik və siyasi müşavirləri səviyyəsində ikinci görüşü hazırlamağa davam edir. Görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formuluna əsaslanan prinsiplər müzakirə olunacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Teleqram səhifəsində yazıb.
“Səudiyyə Ərəbistanında məqsədimiz sülh formuluna dair ümumi baxışı inkişaf etdirmək, qarşıdakı Qlobal Sülh Sammitinə ev sahibliyi etmək imkanlarını araşdırmaqdır”, – Yermak qeyd edib.
Onun sözlərinə görə, Ukrayna dünya nizamını, beynəlxalq hüququ bərpa etməli, BMT Nizamnaməsi və Kiyevin şərtləri əsasında ədalətli dünya qurmalıdır.
Zelenskinin sülh formulunu həyata keçirmək strategiyasının üç səviyyədən ibarət olduğunu vurğulayan Yermak yazır ki, əvvəlcə Ukraynada akkreditə olunmuş səfirlərlə görüşlər nəzərdə tutulur. İkincisi, Ukraynanın sülh planının həyata keçirilməsi üçün optimal formavə mexanizmləri tapmaq məqsədilə milli təhlükəsizlik müşavirləri və siyasi məsləhətçilərin görüşləridir.
Üçüncü səviyyə isə formulun icrasının baş tutacağı dövlətlərin liderləri ilə Qlobal Sülh Sammitidir.