Səudiyyə Ərəbistanı hakimiyyəti iki hərbçini dövlətə xəyanətdə ittiham edərək edam edib.
AzerTimes xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Sənədə əsasən, Səudiyyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Məcid bin Musa Avad əl-Bələvi və baş çavuş Yusuf bin Rida Həsən əl-Azuni 2017-ci ildə həbs edilərək edam cəzasına məhkum ediliblər. Məhkəmə hər iki hərbçinin dövlətə xəyanətdə, əmrə tabe olmamaqda və “millətin maraqlarını qorumaqdan imtina etməkdə” təqsirli bilindiyi qənaətinə gəlib.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, təqsirləndirilən şəxslər prosesdə təqsirli olduqlarını etiraf ediblər. Kralın fərmanına əsasən, hökm cümə axşamı Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Taif şəhərində icra edilib.