Qətər mövqeyini açıq şəkildə bəyan etməyincə, Səudiyyə Ərəbistanı rəsmi Doha ilə hər hansı dialoqa getməyəcək.
Səudiyyə Ərəbistanının xarici işlər nazirliyinin bəyanatında belə deyilir.
“Rəsmi Doha mövqeyini açıq şəkildə bəyan etməyincə, Qətər hökuməti ilə heç bir dialoq və təmas olmayacaq”, bəyanatda vurğulanıb.
Sənəddə həmçinin bildirilir ki, Qətərin yürütdüyü siyasət dialoq prosesinin başlanması və qarşılıqlı etimadın yaranmasına xidmət etmir. Bəyanatda xüsusilə vurğulanıb ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Saud və Qətər əmiri Tamim bin Həməd əl-Tani arasında bu gün keçirilən telefon danışığı rəsmi Dohanın xahişi ilə gerçəkləşib. Söhbət zamanı Qətər əmiri ərəb ölkələrinin tələblərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.