Səudiyyə Ərəbistanı Krallığı Baş prokuroru Şuşaya səfər edib (FOTO)

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş
prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi
nümayəndə heyəti mayın 11-də nümayəndə heyəti Baş prokuror Kamran
Əliyevlə birlikdə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı
Şuşa şəhərinə səfər edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, qonaqlar ilk öncə “Qarabağın hava qapısı” hesab olunan
sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə
yaxından tanış olmuş, onlara bütün müasir və beynəlxalq
standartlara cavab verən aeroportda yaradılmış şərait barədə geniş
məlumat verilib.
Daha sonra qonaqlar Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi
ilə tanış olmuş, aparılan abadlıq-quruculuq işlərinin əsas
hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi
köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə
çatdırılıb.

Nümayəndə heyətinin üzvləri yol boyu erməni qəsbkarları
tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş
Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış
məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə
gətirən vandalizmin əyani şahidi olublar.

Daha sonra nümayəndə heyəti İkinci Qarabağ müharibəsində
qələbəmizin rəmzlərindən biri hesab edilən rəşadətli Azərbaycan
Ordusunun çətin relyef şəraitində irəlilədiyi “Zəfər yolu” ilə
tanış olaraq Şuşa şəhərinə səfər etmişdir.

Qonaqlarla görüşən Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz
qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağın incisi Şuşa
şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən
genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı
məlumat verib.
Bildirilmişdir ki, müstəsna mənəvi, tarixi dəyərə malik olması
səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi həssaslıq
və qayğı ilə yanaşılmış, qısa zaman ərzində şəhər ərazisində zəruri
infrastruktur layihələri icra edilməklə yanaşı memarlıq abidələrin
bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin bilavasitə
səyləri nəticəsində qorunub saxlanmış dünya şöhrətli xadimlərin –
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini
ziyarət ediblər.

Daha sonra, Cıdır düzünü ziyarət edən qonaqlara füsunkar
mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran
qonaqların sevimli məkanı, eləcə də YUNESKO tərəfindən qeyri-maddi
mədəni irs siyahısına daxil edilmiş çövkən oyunları, Novruz bayramı
və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu
bildirilib.
Nümayəndə heyəti həmçinin, ölkə başçısının rəhbərliyi ilə əvvəlki
görkəmində tam bərpa edilmiş Molla Pənah Vaqifin məqbərəsini, eləcə
də tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan
peşəkar vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət
ediblər.

Qonaqlara 12-14 may tarixlərində Şuşa şəhərində V Xarıbülbül
Beynəlxalq Folklor Festivalının keçiriləcəyi bildirilməklə
1989-1991-ci illərin may ayında Şuşa şəhərində keçirilən beynəlxalq
status almış musiqi festivalının 30 illik fasilədən sonra 2021-ci
ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə yenidən təşkil edildiyi diqqətə çatdırılıb.

Səfərdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda fövqəladə
və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və
ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və
səlahiyyətli səfiri Şahin Abdullayev iştirak ediblər.

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin
Abdullah Əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə
rəsmi səfəri davam edir.

Teqlər: