Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi münasibətləri genişləndirmək istəyir

Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək
istədiyi ölkələrdən biri də Azərbaycandır.

AzerTimes-ın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Səudiyyə
Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl
Müacib Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, Expo sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında
keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət
qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən
Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün
sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər
zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və
qazanılan nailiyyətləri təqdir edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli,
komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı
ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma
Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Respublika
Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak
ediblər.

Teqlər: