Səttar Bəhlulzadənin Şuşa sevgisi

Səttar Bəhlulzadənin Şuşa sevgisi

Səttar Bəhlulzadə əvvəlcə Bakı və Abşeron təbiətinə, daha sonra bağlar diyarı Qubaya, ardınca isə Şuşanın əsrarəngiz mənzərəsinə bədii münasibət və vurğunluğunu çoxsaylı tablolarında əks etdirib.

AzerTimes xəbər verir ki, bunu əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev qeyd edib.

“Zamanında çoxları Moskvada ali təhsil alıb vətənə qayıdan Səttar Bəhlulzadənin Babək üsyanına həsr olunmuş iki əsərindən sonra gələcəkdə tarixi mövzuda başqa tabloların da müəllifi olacağını düşünürdü. Amma 1972-ci ildə “Dövlət mükafatı”na layiq görülmüş rəssam radioya müsahibəsində onların ümidlərini “doğrultmadığını”, tarixi janrda tablolar əvəzinə, mənzərəçi olduğunu deyirdi.

Rəssam özünün Şuşa təəssüratını daha çox qrafik vasitələrlə rəsm albomuna köçürmüş, Bakıya qayıtdıqdan sonra həmin eskizlər əsasında tablolar ərsəyə gətirmişdi. Onun Şuşa sevgisi isə bütün yaradıcılığı boyu davam edir.

Bu əsərlərin ən məşhuru şübhəsiz ki, hazırda Ü.Hacıbəylinin Bakıdakı ev muzeyində nümayiş olunan “Cıdır düzü”(1956) tablosudur. Şuşanı və onu əhatələyən təbiətin gözəlliyini əks etdirən əsər kətan üzərində üfüqi formatlı lövhədə yağlı boya ilə çəkilib. Günün qürub çağında Qarabağın füsunkar mənzərəsinə göz qoyan rəssam məkanın qəribəliyi və gözoxşayan landşaftına cəlbedici görkəm verməyi bacarıb. Bu əsərin ictimailəşməsindən sonra ona vurğun olanların sayı da durmadan artırdı.

Bu əsərlərin daşıdığı estetik yükü dəyərləndirməli olsaq, rəssamın ilk dəfə ayaq basdığı Qarabağ təbiətinin heyrətamiz gözəlliyini bütün zənginliyi ilə duyduğunu anlamaq olar.

1957-ci ildə rəssam topladığı təsvir materiallarının əsasında “Şuşa ətrafında”, “Şuşa. Ağaclar”, “Şuşa yaxınlığında, “Yuxarı Daşaltı”, “Dağları duman bürüyəndə” və “Qarabağ mənzərəsi” əsərlərini yaradır.

Qeyd edək ki, “Şuşa yaxınlığında” və “Qarabağ mənzərəsi” əsərlərini müəllif sənətin pərəstişkarı olan dövlət xadimi və dramaturq Şıxəli Qurbanova hədiyyə edir”, – professor bildirib.

Teqlər: