“SƏS” qəzeti qətiyyətli və şərəfli yol keçmiş mətbuat məktəbidir (MÜSAHİBƏ)

Trend “SƏS” Media Qrupun rəhbəri, Əməkdar jurnalist Bəhruz Quliyevin yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

– Bəhruz müəllim, “SƏS” qəzetinin ilk sayının çapdan çıxmasının 31-ci ildönümü tamam olur. Qəzetin fəaliyyətə başlaması, necə deyərlər, keçdiyi enişli-yoxuşlu, keşməkeşli yolları, tarixi barədə hansı fikirlərinizi bölüşərdiniz?

– Çox doğru qeyd etdiniz ki, “SƏS” qəzeti fəaliyyətinin 31 illik dövründə keşməkeşli, elə də asan görünməyən yolları keçib. Lakin mən onu da qeyd etmək istərdim ki, keçilən bu yol həm də özündə qətiyyətlik prinsiplərini əxz etdirən şərəfli bir yoldur ki, onun təməlində müstəqil mətbuatımızın sarsılmaz əqidə məktəbi dayanmaqdadır. Beləliklə, qeyd etmək olar ki, “SƏS” qəzeti yalnız üzərinə düşən tarixi missiyaları yerinə yetirən mətbu orqanı deyil, bu qəzet eyni zamanda, bir mətbuat məktəbidir. Məhz Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan “SƏS” qəzeti bütün fəaliyyəti dövründə xalqın sözünü deyən sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb, bu gün də çalışmaqdadır. Əlbəttə ki, belə bir tarixi əhəmiyyətli və qətiyyətli yolu keçmək heç də hər mətbuata nəsib olmur. Biz fəxr edirik ki, belə bir yolu keçmək, belə bir aşırımları aşmaq, qət etmək bizlərə nəsib olub və bu arada fürsətdən istifadə edərək, mən və redaksiya heyətimiz bizi növbəti – 31-ci ildönümümüz münasibəti ilə bağlı təbrik edən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

– “SƏS”in yaranması zərurəti necə baş verdi və 31 il əvvəl cərəyan edən hadisələr fonunda qəzetin fəaliyyətə başlamasında yəqin ki, çətinliklər, keçilməsi mümkün görünməyən sədlər, baryerlər də mövcud idi…

– Təbii ki, həmin dövrlər çox mürəkkəb bir dövrə, siyasi-ictimai hadisələrə söykənirdi. Qəzetimizin fəaliyyətə başlaması tarixinə diqqət yetirsəniz görərsiniz ki, o vaxt hələ müstəqillik aktı qəbul olunmamışdı və ölkənin ilk müstəqil mətbu orqanı olaraq kifayət qədər sədlər, baryerlər mövcud idi. Ona görə də dəqiq tarixləri diqqətinizə çatdırmaq və xatırlatmaq istərdim.

“SƏS” ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunan qəzet Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr edilib.

1992-ci ildən başlayaraq qəzetimizin tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə tirajımız 25 minə qədər çatıb. O dövrlərin ictimai-siyasi hadisələri fonunda qəzetə tələbat daha da artıb və tiraj sayı hətta zaman-zaman 35 mini də keçib. Bu, kifayət qədər böyük rəqəmdir və eyni zamanda, xalqın marağını əks etdirirdi. Təsəvvürünüzə gətirin ki, həmin vaxtlarda elektron media demək olar ki, yox idi, həmçinin qəzetlərin çap mexanizmi də indikindən qat-qat fərqli idi ki, böyük tirajların dərc edilərək oxucu auditoriyalarına çatdırılması böyük zəhmət, ağır iş tələb edirdi. Bu gün biz xoşbəxtik ki, qəzetimiz həmin ağırlıqlara sinə gərərək bu gün müasir mətbuat sıralarında öz sözünü deməkdə davam edir.

Siyasi tərəfinə gəldikdə isə qeyd edim ki, 1992-ci ildən başlayaraq, “SƏS” qəzeti hakim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında baza rolunu oynayıb, xalqla Ulu Öndər arasında olan sevgini, dəstək və vəhdət faktorunu biri-birinə çatdırıb, partiya yarandıqdan sonra isə onun əsas mətbu ruporu qismində fəaliyyətini davam etdirib, YAP-ın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1994-cü ildən başlayaraq 16 səhifə həcmində çap olunmaqla yanaşı, qəzetimiz 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb. Bütün dövrlərdə “SƏS”in səhifələrində tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu elm adamlarının, mədəniyyət nümayəndələrinin, ziyalılarımızın məqalələri dərc olunub.

Digər tərəfdən, “SƏS”in danılmaz həqiqət payı budur ki, qəzet yarandığı gündən ulu öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib. Onun Naxçıvandakı çətin, ağır və yorulmaz fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetimiz 1991-93-cü illər saylarında ulu öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Həmçinin, Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edilərək, ölkə ictimaiyyətinə çatdırılıb. Bütün bu reallıqlar isə əlbəttə ki, asan başa gəlməyib. Belə ki, qəzet fəaliyyətə başladığı dövrdə dövlətçilik uğrunda çox böyük, hətta orada çalışan jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü. Xüsusilə, AXC-Müsavat hakimiyyəti illərində qəzetimizə qarşı davamlı basqılar, hücumlar baş qaldırır, orada çalışan redaksiya heyətinə təhdidlər yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar, sui-qəsdlər təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini dayandırmadı, əksinə öz fəaliyyətini daha əzmkarlıqla, daha qətiyyətlə davam etdirdi, heç bir təhdiddən, hücumlardan çəkinmədiyini, istənilən anda mübarizə apardığı ideologiyaya görə sinə gərməyini, buna gücünün çatdığını sübuta yetirirdi. Məhz həmin zamanlardan sərtliklərə, təqib və təzyiqlərə, ona meydan oxuyanların gözlərinin içinə dik baxan “SƏS”-in adına xalq arasında polad iradəli, qətiyyətli, mübariz qəzet ifadəsi əlavə edildi.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da məhz “SƏS” qəzetində dərc olunub. Halbuki, bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. O da əbəs deyil ki, Ümummilli Lider hakimiyyətə gəldikdən sonra “SƏS” qəzetini doğma qəzet adlandırıb və xüsusilə vurğulayıb ki, “SƏS” qəzeti tarixə düşmüş bir qəzetdir: ““SƏS” qəzeti mənim üçün çox əziz və artıq Partiyamızın tarixində möhtəbər yer tutmuş bir qəzetdir. Bu qəzet qorxmadan ziyalıların mənə müraciətini və mənim cavabımı dərc edib… İndi də durmadan modernləşir yaxşılaşır, arzum budur ki, daha da modernləşsin, yaxşılaşsın…” Bu gün “SƏS”in gündəlik buraxılışlarında Ulu Öndərimizin tarixi kəlamları QR kod vasitəsilə videogörüntülü olaraq yaşamaqda, yaşadılmaqdadır.

Ulu Öndərimiz Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynamağa başlayıb. Həmçinin, dövlətin, Prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib. Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan “SƏS” qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, media-layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Hazırda qəzetimiz gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyətimiz isə 40 nəfərə yaxındır. Onların əksəriyyəti gənc nəslin nümayəndələridir ki, jurnalist peşəsinə məhz buradan qədəm qoyurlar, “SƏS”in ocağının istisində qızınırlar, buranı özlərinə ikinci ev kimi görürlər.

Eyni zamanda, ölkənin bir sıra bölgələrində müxbir postlarımız da davamlı şəkildə fəaliyyət göstərməkdədirlər.

– Bəhruz müəllim, qeyd etdiyiniz kimi, “SƏS” Yeni Azərbaycan Partiyasının yaradılmasında mənəvi baza rolunu oynayıb, hakim partiyanın ilk ruporu kimi fəaliyyət göstərib. Bəs müasir zamanda təbliğat işləri necə qurulur?

– Sözsüz ki, “SƏS” qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. O cümlədən, partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında qəzetimizin özünəməxsus rolu mövcuddur. “SƏS” bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir, YAP-ın bütün seçki və siyasi kampaniyalarında fəallıq göstərir. Bu da öz ədalətli mövqeyində dönməz olan “SƏS”in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin artan oxucu auditoriyasını bir qədər də genişləndirir.

Son dövrlərin ictimai-siyasi proseslərində, eləcə də qloballaşan dünyada baş verən hadisələri işıqlandırılmasında fərqliliyi ilə seçilən “SƏS” qəzeti 44 günlük Vətən müharibəsində deyərdim ki, ən fəal mətbu orqan olaraq seçildi. İstər analitik yazıları, istər cəbhədə baş verən hadisələrin operativ çatdırılması, istərsə də yerli və xarici politoloq və siyasi xadimlərin mövqelərinin işıqlandırılmasında, xüsusilə milli ideya, vətənpərvərlik mövzularının təbliğində qəzetimiz var qüvvəsini ortaya qoydu. Əsasən, düşmənlə aparılan informasiya müharibəsində biz fəaliyyətimizi bilavasitə Müzəffər Ali Baş Komandan, xalqının, Ordusunun qalib Sərkərdəsi İlham Əliyev cənablarının fikir və konsepsiyaları, tezisləri kontekstində qurduq, cəbhədə əldə edilən zəfərimiz üçün bütün gücümüzlə çalışdıq. Bu, ilk növbədə bizlərin jurnalistlik missiyamızla yanaşı, həm də vətəndaşlıq borcumuz, məsuliyyətimiz idi.

Digər tərəfdən, dünyanı bürüyən koronavirus pandemiyasında ölkə rəhbərliyinin çevik, önləyici və operativ tədbirlərinin işıqlandırılması, vətəndaşların sağlamlıqlarının qorunması, mühafizəsi istiqamətində görülən işlər, habelə bu sahədə aparılan sosial siyasətin insanlara informativ qaydada çatdırılması funksiyasını da üzərinə götürən “SƏS” qəzeti bu gün də həmin fəaliyyətini uğurla davam etdirməkdədir.

– Bütövlükdə Azərbaycan mətbuatının fəaliyyəti, eləcə də, dövlət-media siyasəti arasındakı körpünün hansı perspektivlərə yol açdığı barədə nə deyə bilərdiniz?

– Sualınıza görə minnətdaram. Belə ki, bu sual daim mətbuat adamlarının diqqətindədir və ilk növbədə, demokratik, müstəqil ölkənin mətbuatında dövlət-media münasibətlərinin davamlılığı, mövcud körpü dayaqlarının əsaslı şəkildə möhkəmləndirilməsi öz aktuallığını qoruyub saxlayır. Əbəs deyil ki, media dördüncü hakimiyyət statusuna malikdir və bu statusa malik olmağın özü də bir məsuliyyət hissi yaradır.

Digər tərəfədən, tarixi köklərə malik olan Azərbaycan mətbuatı bu gün də öz ənənələrini qoruyub-saxlamaqla yanaşı, çağdaş dövrümüzə qədər müxtəlif siyasi-ictimai proseslər mərhələsindən keçib və hazırda dünyanın informasiya məkanında özünəməxsus özəllikləri ilə seçilməkdədir. Məhz bugünkü Azərbaycan mətbuatının əsaslı inkişafı üçün dövlət bir çox böyük layihələr reallaşdırıb. Yola saldığımız hər bir ildə bizlər – media adamları olaraq müstəqillik tariximizdə apardığımız fəaliyyətimizi bir daha təhlil edir, müasir dünyanın çağırışlarına cavab verən daha müfəssəl mətbuatın fəaliyyət istiqamətində çalışmaq qərarını verir, uğurlarımızla kifayətlənmirik. Lakin bütün bunları reallaşdırmaq üçün əlbəttə ki, dövlətin dəstəyi hər zaman ön planda dayanır və dövlət də mətbuata göstərdiyi dəstəyini əsla əsirgəmir. Qəzet və saytların, digər KİV strukturlarının mütəmadi fəaliyyətləri üçün, onların bazalarının möhkəmləndirilməsi yönündə çoxsaylı layihələr, qərarlar verilir. Əlbəttə, biz burada Medianın İnkişafı Agentliyinin də fəaliyyətini vurğulamalı, xüsusilə bu qurumun yeniləşmiş qaydada iş prinsipinin verdiyi səmərələri də qeyd etməliyik. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar konsepsiyası sayəsində ölkəmizdə digər sahələrlə yanaşı, mətbuat sahəsində də mühüm islahatlara start verildi və bu baxımdan, yenidən strukturlaşma sayəsində dövlət-media münasibətlərinə yeni nəfəs verildi və bütün bunlar artıq əməli qaydada öz bəhrələrini verməkdədir.

Xüsusilə qeyd etmək istəyirəm ki, ölkə başçısı İlham Əliyev cənablarının jurnalistlərin əsl dostu olması faktoru Onun mediaya göstərdiyi diqqət və qayğısından qaynaqlanır. Mətbuat günü və s. mühüm günlərdə ölkəmizin inkişafında, təbliğatında yorulmadan çalışan hər bir mətbuat təmsilçisi dövlət mükafatları ilə qiymətləndirilir, habelə bu qiymətləndirmələr digər jurnalistlərin də fəaliyyətlərinin artırılmasına, əzmlə çalışmalarına geniş şərait yaradır. Həmçinin, jurnalistlərin mənzil-məişət, sosial həyatlarının təmin olunması da bu xüsusdandır, yəni dövlətin onlara verdiyi qiymətin tərkib hissəsidir. Məhz möhkəm əsaslara söykənən bu körpü yaxın gələcəkdə daha nəhəng perspektivli imkanlara yol açır, jurnalistlərin əmək fəaliyyətlərinə əhəmiyyətli təkanlarını verir. Əlbəttə, biz jurnalistlər peşəmizlə yanaşı, həm də vətəndaşlıq məsuliyyətimizi öz üzərimizdə daim hiss edirik və dövlətçiliyimizin inkişafında, möhkəmləndirilməsində çətin və şərəfli missiyamızı həyata keçirməkdəyik.

– Bəhruz müəllim, yeri gəlmişkən “SƏS” qəzetində davamlı və artıq ənənəvi xarakter alan yeniliklər və layihələr barədə fikirləriniz maraqlı olardı…

– Sirr deyil ki, XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiylara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün “SƏS” qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür. Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı “SƏS”in fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur.

Hər il bir hesabat olduğu kimi, 31 illik hesabat dövrünə qısa nəzər saldıqda görürük ki, əlimizdə olan bütün imkanlardan maksimum qaydada yararlanmağımızla, fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirmişik. Cəmiyyətdə baş verən müxtəlif vacib məsələlərin və hadisələrin “Dəyirmi masalar” vasitəsilə ictimai müzakirəyə çıxarılması, həmçinin regionlarda görülən işlər və problemlərlə bağlı geniş müzakirələrin təşkili də qəzetin fərqli yeniliklərindəndir. “SƏS”in intellektual potensialından istifadə edərək müxtəlif dövrlərdə ulu öndər Heydər Əliyevin, Onun layiqli davamçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı film və multimedia diskləri hazırlanıb və geniş ictimaiyyətə təqdim edilmişdir. Yeni Azərbaycan Partiyasının ildönümlərində və siyasi hadisələr dönəmində, həmçinin 44 günlük Zəfər salnaməsinin işıqlandırılması yönündə müxtəlif sənədli filmlər və analitik yazılarla “SƏS” qəzeti ictimaiyyətə öz töhfəsini vermişdir.

Artıq 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə “SƏS” İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir ki, qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib.

Qəzetin onlayn (PDF) variantı və internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar. Artıq 2020-ci ilin ortalarından başlayaraq qəzetimiz Quarkod (QR) vasitəsi ilə də Azərbaycanın müasir mətbuatında bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq video-qəzet formatında nəşrə başladı və qəzet üzərindən müxtəlif xəbərləri video-görüntü vasitəsi ilə izləmək mümkündür. Müasir informasiya texnologiyalarının imkanları bizim bu işi həyata keçirməyimizə təkan verdi.

Yola saldığımız 2021-ci ilin payızından başlayaraq “SƏS” qəzeti öz tarixi ənənələrini qorumaqla rəngli formatda və fərqli dizaynı, loqosu ilə oxucu auditoriyasının görüşünə gəldi. Qəzetimizin manşetindən başlayaraq digər bütün səhidələrinə qədər çap edilən informasiyalar, analitik yazılar, müsahibə və açıqlamalar, ayrıca sosial, siyasi, iqtisadi xarakterli rubrikalar, köşə yazıları və s. onların hər biri yüksək dizayn üslubunu təqdim edir və bu yeniliklərimiz dəyərli oxucularımız tərəfindən yüksək qiymətləndirilir.

Həmçinin, qəzet, sayt, internet televiziyası fonunda eyniadlı böyük media qrupuna çevrilən “SƏS”in sosial şəbəkələrə çıxış imkanları kifayət qədər genişdir və ölkə daxilində və xaricində on minlərlə izləyiciləri var ki, YouTube, Facebook və s. şəbəkələrdə canlı yayımlarımızı, xəbər bülletenlərimizi izləyənlərin də sayı durmadan artır. Qeyd edim ki, qəzetimizin 31 illik yaşı ilə yanaşı “SƏS” İnternet Televiziyasının (sestv.az) da 11 yaşı tamam olur. Belə ki, “SƏS” Media Qrupunun tərkibində 2011-ci ildə yaranan televiziya tezliklə öz ətrafında çox böyük izləyici auditoriyası toplayıb. Bu yeniliklərin hər biri isə bilavasitə tarixi “SƏS” qəzetinin qlobal dünyanın çağırışlarına qoşulmasının göstəricisidir. Bax, bütün bu həqiqətlər bizlər üçün böyük şərəf, tükənməz fərəh hissləri olmaqla yanaşı, həmçinin mövcud fəaliyyətimizin də stimullaşdırıcısıdır.

Şübhə yoxdur ki, “SƏS”in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində və Azərbaycan mətbuatının inkişafı yolunda növbəti həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən də bacarıqla gəlməyi qarşıya məqsəd kimi qoyub. Çünki “SƏS”in 11 il öncə keçirilən 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizə təbrik məktubunda öz tarixi kəlamları ilə məsuliyyətimizi daha da artırıb. Təbrik məktubunda ölkə başçısı vurğulayıb: “Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan “SƏS” qəzetinin kollektivini fəaliyyətə başlamağı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş “SƏS” qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir”.

Prezidentimiz təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. “Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən “SƏS” qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş “SƏS” qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir”, – deyə tarixi təbrikdə vurğulanmışdı.

Ölkə Prezidenti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış “SƏS” qəzetinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli-dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığını vurğulayaraq, öz təbriklərini qəzet kollektivinə çatdırıb. Əlbəttə ki, iftixar və qürur doğuran məqamdır ki, Prezidenti İlham Əliyev ölkə mətbuatı tarixində ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırıb.

– Bəhruz müəllim, biz də tarixi “SƏS” qəzetini, Sizi və kollektivinizi 31-ci yaş günü ilə bağlı səmimi qəlbdən təbrik edir, “SƏS”inizin daim zirvələrdən gəlməsini arzulayır və əlbəttə ki, sizlərdən yenicə qarşıladığımız 2022-ci ildə yeni-yeni layihələrinizi, uğurlarınızı maraqla gözləyirik…

– Çox sağ olun, diqqətinizə və maraqlı suallarınıza görə minnətdaram.

Teqlər: