6 iyuna keçən gecə Kaxov (Kaxovka) SES-i partladılmışdır. Hadisə yerində suyun səviyyəsi 10 m yuxarı qalxmış, SES-dən 5 km uzaqlıqda yerləşən Yeni Kaxovka şəhərinin küçələri su altında qalmış, Xerson vilayətinin əksər yaşayış və sənaye obyektlərinə isə ciddi zərər dəymişdir. ABŞ, Avropa ölkələri, İsrail və digər əksər ölkələr SES-in Moskva tərəfindən partladıldığını, Rusiya isə HES-in Ukrayna tərəfindən dağıdıldığını iddia edir.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında qeyd edilib.
Bildirilib ki, Dnepr çayının daşması nəticəsində yaranan tektonik fəlakət Rusiya qoşunlarını birinci müdafiə xəttindən ikinci müdafiə xəttinə geri çəkilməyə məcbur etdi:
“Bu geriçəkilmə nəticəsində Moskva müəyyən sayda hərbi texnika da itirmiş oldu. Bununla belə hadisə Ukrayna Silahlı Qüvvələrinin (UQS) bu istiqamət üzrə əks-hücum imkanlarını praktiki cəhətdən qeyri-mümkün etdi. Beləliklə, hadisə ilə bağlı iki əsas versiya irəli sürmək olar:
1. Əgər Ukrayna SQ bu istiqamət üzrə əməliyyat keçirməyi planlaşdırırdısa, Kaxov SES-i Rusiya, əks-hücumun qarşısını almaq üçün bilərəkdən partladıb.
2. Əgər Ukrayna SQ digər istiqamətlər üzrə hücuma hazırlaşırdısa, Rusiyanı ikinci müdafiə xəttinə keçməyə məcbur etmək və Moskvaya hərbi texnika itkisi yaşatmaq üçün SES Kiyev tərəfindən partladıla bilərdi.
Müşahidələr göstərir ki, birinci variant çox yüksək, ikinci variant isə çox aşağı ehtimallıdır. Əvvəla, 80 il bundan qabaq Moskva artıq bir dəfə Dnepr üzərində yerləşən SES-lərdən birini bilərəkdən partladıb, alman qoşunlarının hücumunun qarşısını almışdır. Hazırda cəbhədə vəziyyət belədir ki, Rusiya müdafiə, Ukrayna isə hücum mövqeyindədir. Yəni Ukraynaya tektonik fəlakət yaradıb, hərbi manevr imkanlarını məhdudlaşdırmaq sərf etmir. Əksinə, SES partladıldıqdan sonra Ukrayna bu istiqamətdə hücum keçirtmək istəsə idi, çoxlu sayda insan və hərbi texnikanı “A” nöqtəsində cəmləşdirib, onları “B” keçid nöqtəsindən, “C” nöqtəsinə çatdırıb, “D” nöqtəsində hərbi yerləşdirməsini həyata keçirtməli idi. Bütün bu nöqtələr (xüsusilə “A” nöqtəsi) düşmən hücumu qarşısında həssas olduğundan Ukraynanın SES-i bilərəkdən partladaraq özünü ekzistensial təhlükəyə salması məntiqə ziddir”.
İqtisadi faktor haqda bəhs edilən təhlildə qeyd edilib ki, MAQATE-yə görə, Kaxov SES-in dağıdılması Zaporojye AES-nə təhlükə yaratmasa da, fəlakət Xersonda 94%, Zaporojyedə 74%, Dnepetrovskda isə 30% suvarma sistemlərini mənbəsiz qoydu:
“Rəsmi Kiyevin hesablamalarına görə, hadisə ölkənin cənub sahələrini növbəti illərdə səhraya çevirə bilər. Fəlakət həmçinin Ukraynanın içməli su ehtiyatlarına və balıq sənayesinə ciddi zərər vurub. SES Ukrayna limanlarından uzaqda yerləşsə də, yüklərə və logistikaya ciddi təhlükə yaratdığına görə partlayışın növbəti günü Çikaqo birjasında taxıla iyul fyüçersləri 3,29%, qarşıdalıya isə 1,55% bahalaşmışdır. Gördüyümüz kimi SES-in partladılması Rusiyaya iqtisadi mənfəət, Ukraynaya isə itki yaşatmış oldu”.
Təhlildə bu aktın Belqorod və Moskva hücumlarının əvəzi ola biləcəyinə də diqqət çəkilib:
“Son həftə/aylar Rusiyada ictimai müharibə tərəfdarlarının Ukraynanın xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi, Rusiya silahlı qüvvələrinin Xarkov və Xersondan geri çəkilməsi, USQ-nin Makeyevka və Krım körpüsünə zərbələr endirməsi, Belqoroda tank və diversant, Moskvaya isə dron hücumları təşkil etməsi Rusiyada ümumi narahatçılığı səviyyəsini artırdı. Putinin hakimiyyəti “təhlükəsizlik və stabillik əvəzinə hüquq/azadlıqlar” ictimai müqaviləsinə əsaslanır. Sanksiyalar iqtisadiyyatı sarsıdıb, ictimai müqavilənin stabillik elementini etibarsız etmişdir. Moskva və Belqoroda hücumlar isə perspektivdə təhlükəsizlik elementini diskreditə edib, Putin və xalq arasında ictimai müqaviləni etibarsız edə bilər.
Beləliklə, Kreml Kaxov SES-ni partlatmaqla, Kiyev və dünyaya hakimiyyətin qorunmasının onun üçün qırmızı xətt olduğu və buna görə hətta tektonik fəlakət yaratmağa hazır olduğu mesajını göndərmək istəyir”.