Şərur rayonunda yerləşən “Kosmos” restoranı dağıdılıb və yerində Bayraq meydanı inşa edilib.
AzerTimes xəbər verir ki. bu barədə Naxçıvandan olan jurnalist Məhəmmədəli Qəribli paylaşım edib.
O bildirib ki, restoran SSRİ dönəmindən fəaliyyət göstərirmiş. Rayonun çox mənzərəli yerində tikildiyi üçün gümbəzlərdə oturanda bütün rayon demək olar ki, “ayağının altında qalırdı”:
“Sonradan Naxçıvandakı hakim ailənin nəzarətinə keçən bu restoranın profilini dəyişib, “Çay evi” etdilər. Ətrafındakı bir hektar yeri də özəlləşdirib, restoranın balansına saldılar. Ardınca qərara gəldilər ki, elə bu yer Bayraq meydanının tikintisi üçün ən “ideal” ərazidir. Həmin yeri dövlətə “satmaq” adı ilə rəsmiləşdirib, külli miqdarda kompensasiya alıblar.
Nəticədə böyük bir rayonun mədəni irsini özündə əks etdirən tarixi bina rəhm edilmədən vandalcasına silinib. Baxmayaraq ki, ondan bir qədər aralıda, heç xərc çəkmədən Bayraq meydanı üçün daha hündür və əlverişli yer vardı”.
O bildirib ki, rayon sakinlərinə təsəlli olması üçün həmin restoranı elə köhnə dizayna uyğun, əvvəlki yerində bərpa edilməsini istəyir.