Sərt karantin, məcburi maska… – Payızda qərar veriləcək

Sərt karantin, məcburi maska… – Payızda qərar veriləcək

Bir müddət öncə Azərbaycanda yoluxma sayında artım müşahidə edildi. Hətta bununla bağlı ölkədə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi maskanın istifadəsinə dair tövsiyə xarakterli çağırış da edildi.

Bəs görəsən, bütün bunlar epidemioloji vəziyyətin yenidən kəskinləşməsinə işarə kimi qiymətləndirilə bilərmi?

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı danışan Səhiyyə Nazirliyinin (SN) mütəxəssis eksperti – infeksionist Təyyar Eyvazov Azərbaycanda yoluxma sayında azalan dinamikanın müşahidə edildiyini və hələlik bunun sürətlənməsinin gözlənilmədiyini deyib.

O bildirib ki, bu gün ölkədə epidemioloji vəziyyət nəzarət olunan səviyyədədir:

“Digər tərəfdən, əksər yoluxma halları yüngül keçir. Yoluxanlar arasında xəstəxanaya yerləşdirilmə sayında artım yoxdur. Epidemioloji vəziyyətin daha öncə pisləşdiyi ölkələrdə də eyni halın yaşandığını, ağır formaların və ölüm sayının artmadığını nəzərə alaraq, hələ ki sərt tədbirlərin tətbiqi real görünmür. Qapalı məkanlarda maskanın istifadəsi tövsiyə xarakterlidir və düşünürəm ki, onun məcburi olub-olmaması məsələsinə payızda aydınlıq gətiriləcək”.

Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştammlar da koronavirusun növləri olduğu üçün hər hansı fərqli bir mübarizə üsulu yoxdur:

“Sadəcə, insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlarından mümkün qədər çəkinməlidirlər. Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir”.

Teqlər: