Şərqşünaslıq İnstitutunun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib (FOTO)

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi noyabrın 5-də İkinci Fəxri xiyabana gələrək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edib. Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.

Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığı, bu müharibədə 2914 igid oğlumuzun torpaqları azad etmək uğrunda canlarından keçməklə ən uca zirvəyə – Şəhidlik zirvəsinə yüksəldikləri qeyd edilib. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.


Teqlər: