Şərqşünaslıq İnstitutunun əməkdaşı Misirdə beynəlxalq konfransda çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 2-5 fevral tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən V Beynəlxalq Afrika Elm, Texnologiya və Sosial Elmlərdə Cari Tədqiqatlar Konfransında iştirak edib.

İnstitutdan AzerTimes-a bildirilib ki, azərbaycanlı şərqşünas konfransda “Misir ədəbiyyatinda “Yeni dalğa” ədəbi cərəyanı və nümayəndələri” mövzusunda məruzə ilə çıxış edib. X.Ələkbərovanın bu ədəbi cərəyanın yaranmasını şərtləndirən həmin dövr Misir reallıqlarını ehtiva edən məruzəsi maraqla qarşılanıb.

Məruzədə “Yeni dalğa” ədəbiyyatının xarakterik cəhətləri, əsas vəzifələri ən tanınmış nümayəndələrinin yaradıcılığı əsasında açıqlanıb. Məruzəçi “Yeni dalğa” yazarlarının iştirakı ilə Misir ədəbiyyatı tarixində fərqli inkişaf mərhələsi, yeni ədəbi məktəbin bünövrəsinin qoyulduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə bu mötəbər elmi platforma 2021-ci ilin oktyabr ayında dünyanın 20-dən çox ölkəsini təmsil edən elm adamlarını bir araya toplamaqla Liviyada təşkil olunmuşdu.

Teqlər: