Şərqin ölüm mələyi Xomeyni bu cür öldü

Şərqin ölüm mələyi Xomeyni bu cür öldü

3 iyun İran inqilabının banisi, İslam Respublikasının ilk rəhbəri Ruhullah Xomeyninin öldüyü gündür.

AzerTimes xəbər verir ki, Ruhullah Mustafavi Musəvi Xomeyni 1902-ci il sentyabrın 24-də İranın indiki Mərkəzi əyalətinin Xomeyn şəhərində dünyaya gəlib.

Uşaq yaşlarından dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənən Xomeyni 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunub. Burada bir müddət təhsil alan Xomeyni sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub.

O, 1958-ci ildə əyalət, vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi 6 maddəlik mütərəqqi qanunun qüvvəyə minməsi ilə şah əleyhinə mübarizəyə başlayıb.

Xomeyni böyük mülkədar və feodalların mənafeini qorumaq üçün hakimiyyətin 1961-ci ildə torpaq islahatları aparması, eləcə də torpaqların kəndlilərə verilməsini qeyri-islami hərəkət adlandıraraq, xalqı bu islahata qarşı çıxmağa səsləyib. Bu təşəbbüsü ilə iyunun 5-də radikal mollapərəstlərlə hakimiyyət arasında qanlı qarşıdurmalara səbəb olan Xomeyni həbs edilərək Tehrandakı Eşretabad hərbi həbsxanasına aparılıb.

Həmin dövrdə ona qarşı daha ciddi cəzanın, hətta ölüm hökmünün verilməsi müzakirə edildiyi zaman azərbaycanlı nüfuzlu din xadimi Şəriətmədari buna qarşı çıxıb, Məhəmmədrza şahı bu fikrindən daşındıra bilib. Eyni zamanda, edam hökmünün avtomatik qüvvədən düşməsi məqsədilə Şəriətmədari başqa bir neçə nüfuzlu din xadimini Xomeyniyə “ayətullah” dini rütbəsi verdirməyə razı salıb. Bununla da gələcəkdə özünün ən qatı rəqibi və düşməninə çevriləcək Ruhullah Xomeyninin həyatını qurtarıb.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilən Xomeyni bir müddət orada qaldıqdan sonra İraqa keçib və Nəcəf şəhərinə yerləşib. O, burada 13 il sürgün həyatı keçirib.

Sürgün illərində Xomeyninin Pəhləvi hakimiyyətinə müxalif olmasına baxmayaraq, daim maddi dəstək görüb, rifah içində yaşayıb. Pəhləvi hakimiyyətinin tələbindən sonra İraqdan Fransaya göndərilən Xomeyni burada İran hakimiyyətinə qarşı olan müxalif təşkilat və şəxslərin dəstəyindən yararlanıb.

Həmin vaxt Amerika, İngiltərə nümayəndələri və xüsusi xidmət orqanlarının əməkdaşları onunla əlaqəyə girib, hakimiyyətə gətirildikdən sonra ölkələrinin maraqlarına toxunmayacağı qarşılığında İranda rejimin dəyişdirilməsi, Xomeyninin ölkəyə başçı olacağı üçün dəstək verməyə hazır olduqlarını bildiriblər.

Həmin dövr Pəhləviyə müxalif qüvvələr, o cümlədən, marksist cərəyanlar və Xalq Mücahidləri Təşkilatı İran əhalisinin dini duyğularını nəzərə alaraq Xomeyniyə ciddi dəstək veriblər.

1979-cu ildə İranda baş verən inqilabdan sonra Tehrana qayıdan Xomeyni öncə hakimiyyətdə gözü olmadığını desə də, qısa müddət ərzində radikal mollapərəstlərin, din adamlarının və sadə kütlənin dəstəyi ilə hakimiyyətə yiyələnir və İranın rəhbəri statusunu qazanır.

O, inqilabın qələbə ilə nəticələnməsində əməyi olan bütün təşkilat və siyasi şəxslərə, həmçinin, onun həyatını xilas etmiş Ayətullah Kazım Şəriətmədariyə qarşı repressiyalara əl atır. Hakimiyyətinin təhlükədə olduğunu görən və siyasi rəqibləri susdurmağın yollarını axtaran Xomeyni ilk günlərdən “İslam inqilabının ixracı” nəzəriyyəsini irəli sürür, nəzəriyyənin bütün dünyada, xüsusən, Orta Şərqdə islam inqilabının yayılmasının vacibliyini bildirir.

Bu nəzəriyyənin həyata keçirilməsi üçün ilk hədəf İraq seçilir. Xomeyni “Qüdsün yolu Kərbəladan keçir” şüarı ilə İraqa siyasi müdaxilə və hərbi hücuma əsas verir.

İran-İraq müharibəsi başlamadan əvvəl İraq hökuməti BMT-yə İran qüvvələrinin bu ölkənin sərhədlərini pozduğu, sərhəd postlarına çoxsaylı hücumları ilə bağlı dəfələrlə faktlar təqdim edib, şikayətlənib.

İki ölkə arasında müharibənin başlaması ilə Xomeyni müharibənin yaratdığı ümumi həyəcan və şəraitdən istifadə edərək ölkə daxilində olan bütün rəqiblərini sürətlə aradan götürməyə başlayıb. Həmin illərdə və müharibənin bitməsindən bir neçə gün sonra Xomeyninin birbaşa göstərişi ilə minlərlə siyasi fəal edam edilib. Rəsmi rəqəmlər edam edilənlərin sayının 4 min olduğunu göstərsə də, qeyri-rəsmi statistika bu sayın onminlərlə olduğunu bildirir.

8 illik müharibə dövründə İraq hökumətinin sülh barədə müraciətlərini dəfələrlə rədd edən Ruhullah Xomeyni ölkənin maddi və insan resurları tükəndiyi üçün BMT-nin 598 nömrəli qətnaməsini qəbul etməyə, özünün ifadəsi ilə “zəhəri içməyə” məcbur olur.

Bundan sonra ciddi zərbə alan və əvvəlki nüfuzunu itirən Xomeyni xəstələnir. O, 1988-ci il iyunun 3-ü gecə saatlarında Tehranda mədə xərçəngi diaqnozu ilə müalicə olunduğu xəstəxanada ölür.

Xomeyninin ölümündən sonra da onun “islam inqilabının ixracı” nəzəriyyəsi hakimiyyətin, xüsusilə radikal kəsim tərəfindən davam etdirilməkdədir.

Xomeyninin hakimiyyətə gəlişi ilə Orta Şərqdə qanlı müharibələr və daxili çəkişmələr başlayıb. Bu çəkişmələr hələ də davam etdiyi üçün bir çoxları Xomeyniyə Orta Şərqin “ölüm mələyi” adını veriblər.

Onun “İslam inqilabının ixracı” nəzəriyyəsinin həyata keçirilməsi üçün yaradılan siyasi-ideoloji təbliğat mərkəzləri, qurulan terror təşkilatları, Orta Şərqdə, İranla qonşu ölkələrdə, xüsusilə Azərbaycan Respublikasında hələ də fəsadlar törətməkdədir.

Bir çox nüfuzlu şərhçi və siyasi ekspertlər Xomeyninin hakimiyyətə gətirilməsini Amerika və İngiltərənin Orta Doğu ilə bağlı planlarının tərkib hissəsi olduğunu, Xomeyninin bununla bağlı adıçəkilən ölkələrə söz verdiyini yazırlar.

İran hakimiyyətinin Amerikaya qarşı kəskin çıxışlarına baxmayaraq, Amerikanın illərdir Körfəz bölgəsində yerləşməsi, günü-gündən bölgədə qüvvələrinin artırılması Xomeyni və onun irs qoyub getdiyi molla hakimiyyətinin əməllərinin nəticəsidir.

Teqlər: