Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Milli geyimlərimiz həm də milli kimliyimizin ən ümdə göstəricisidir. Azərbaycanın bütün bölgələri kimi Şərqi Zəngəzurun da özünəməxsus geyimləri olub və geyim mədəniyyətimizin əsas tərkib hissələrindən biri sayılıb. Mütəxəssislərin sözlərinə görə, Şərqi Zəngəzur geyimlərini araşdırdıqları zaman onların həm Qarabağ, həm də Qərbi Azərbaycan milli geyimləri ilə bənzərliyi diqqətdən yayınmayıb. Bu da öz növbəsində ərazi yaxınlığı ilə birbaşa bağlıdır.
Şərqi Zəngəzurun milli geyimləri, zinət və bəzək əşyaları haqqında məlumat əldə etmək üçün filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) ilə həmsöhbət olduq.
AzerTimes Publika.az-a istinadən onunla söhbəti təqdim edir.
Şərqi Zəngəzurun milli geyim mədəniyyətindən danışarkən gəlin geyimləri, gəlinə oğlan evi tərəfindən alınan zinət əşyaları haqqında çox az məlumatlara rast gəlinir. Söhbətimizə də elə qızlara, gəlinlərə alınan zinət əşyalarından danışmaqla başlayırıq.
Heydəri, Qarabatdax, Sinəbənd
Ləman Vaqifqızı deyir ki, o dövrün əksər sırğalarının qaşı zümrüddən olub: “Dördyarpaq sırğalar qatar-qatar sallanırdı. Üçətəklilərə Heydəri sırğa deyirdilər. Üçətəkli sırğa özü yumru olub, ondan üç dənə yarpaq formasında salxım sallanır. Yarpaq sırğa və yarpaq üzüklərin üstündə yarpağa bənzər silsilə kimi sallama olurdu.
Şərqi Zəngəzurda boyunbağıya Qarabatdax deyirdilər. Qarabatdax boğaza yapışıb dayanardı. O, çəçikdir, üstündə heç nəyi yoxdur. Qara muncuq düzülür, ortasına da qızıl parçalar salınardı. Çəçik ay-ulduz formasında olan, hər biri iki qramdan artıq qızıldır. Bir çəçik düzümündə on iki dənə bundan olurdu. Bunlar qızılın üstündə dayanırdı. Çəçiyi çərçilər gətirib satarmışlar. Onlar əşyaları ancaq pulla satmır, həm də arpa, buğda, düyü və başqa şeylərlə dəyişirdilər.
Silsilə bütün yaxanı tuturdu. O, arxadan düymə ilə bağlanırdı. Düymələr qızıl olmurdu. Silsilənin qızıldan sallama gülləri olardı. Ay-ulduz, üstündə firuzə qaş, altında bir dənə yarpaq taxılırdı. Üzüyün qaşında olan yarpaq sallamaya bənzəyirdi. Xanımlar hərəkət etdikcə silsilə də yaxalarında silkələnirdi.
Sinəbənd isə silsilədən uzun olub, döş hissəyə qədər gəlirdi.
O vaxt kimin nəyə gücü çatırdı, onu da alırdı. Qarabatdax bir cərgə olur, o da muncuğun içinə düzülürdü. Silsilə və sinəbənddə isə muncuqdan istifadə edilmirdi. Xalis qızıldan hazırlandıqları üçün Qarabatdaxdan baha olurdu.
Bilərziklər qızıldan və gümüşdən hazırlanır, üstündə işləmələr olurdu. Bəzən üstünə zümrüd qaşlar da düzülürdü. Sonralar, yetmişinci illərdə gəlinlərə qızıl saat da alınmağa başlandı. Bəzi saatların qapağı var idi. Qızıl qapağın üstündə, üç-dörd yerdə firuzə qaşlar olurdu”.
Güllü yaylıqlar, Şirvani çarıqlar
L. Vaqifqızının dediyinə görə, o dövrdə gəlinin pal-paltarı İrəvan bazarlarından alınıb.
“Gəlini təpədən-dırnağa kimi geyindirərdilər. Hər fəslə uyğun paltar alınardı. Qış üçün yun yaylıqlar, yay üçün isə güllü və pambıq yaylıqlar olurdu.
Yun jaketlər, jiletlər alardılar. Yetmişinci illərdə gəlinə alt paltarı kimi kombinasiya köynək alardılar. Bunlar indi dəbdə deyil. Əvvəllər isə gəlin üçün pambıq parçalardan can köynəyi tikərmişlər. Oğlan evi pambıq parça alıb verər, can köynəyini toy qabağı gəlin özü tikib hazırlayarmış. O dövrdə demək olar ki, bütün qızlar, gəlinlər tikməyi bacarardılar.
Toyda başmaq geyinməzmişlər, ancaq ayaqqabı alınarmış. O vaxtlar şirvani çarıqlar çox dəbdə idi. Bu çarıqların burnu arxaya doğru qatlanar, arxası açıq olar, üstü gözəl işləmələrlə işlənərdi. Qiyməti isə baha olardı”.
Filoloq qeyd etdi ki, o vaxtlar qadınlar əllərində dəsmal “Şahsevən”i oynayardılar. Orta yaşlılar, qocalar, qadınlar yan-yana düzülərdi. Hamısının da əlində toxunma, qırağı həşyəli dəsmallar, yaylıqlar olardı. Yaşlı qadınlar sandıqlarında xüsusi qırağı toxunmalı dəsmallar saxlayardı. O vaxtlar Zərnigar nənə, Çimnaz nənə, Qumru dostu, Fatı xala – hamısı Şahsevəni oynayırdı. Hər biri başına güllü yaylıq bağlayar, ağızları yaşmaqlı olar, üzləri çox görünməzdi. Üst köynəyi geyinər, altdan da tumanları çıxardı. Ayaqlarında qara yun corab, qaloş olardı.
Kəlağayı və gülbəngi
Ləman Vaqifqızının apardığı araşdırmalardan da məlum olur ki, Qərbi Azərbaycan və Şərqi Zəngəzurda qadın baş geyimləri həddən artıq zəngin olub.
“O vaxt qadınlar kəlağayılardan daha çox istifadə edərdi. Kəlağayıya adətən gülbəngi deyirdilər.
Şərqi Zəngəzurda XIX əsrdə qadın geyimləri əsasən, tafta, mahud, mitqal, bez, bəyaz qanovuz, darayı, zərbafta, atlas, xara, məxmər, tirmə adlanan parçalardan tikilirdi. Qadın geyimləri içərisində çəpkənlər xüsusi yer tuturdu. Bunlar üst tumanla birlikdə kostyum kompleksi təşkil edirdi. Çəpkənlər sadə parçalardan olduğu kimi, qiymətli parçalardan da hazırlanıb”.
Motal papaq, keçə yapıncı
Qərbi azərbaycanlıların kişi baş geyiminə gəlincə, müsahibim deyir ki, o vaxtlar motal və buxara papaqlar üstünlük təşkil edib: “Kişi geyimlərində mahuddan, keçədən hazırlanan paltarlar, yapıncılar əsas rol oynayıb”.
Bir məqamı da vurğulayım ki, hər bir xalqı var edən onun dəyərləridir. Müasir dövrdə milli geyimlərimizdən uzaqlaşmağımız, xalq mədəniyyətimizin bir hissəsinin itirilməsi deməkdir. Ona görə də mümkün olduğu qədər xalq arasında gəzərək, bütün bölgələrimizi ziyarət edib o dövrün canlı şahidlərindən məlumatları vaxtında toplamaq lazımdır.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.