“Ölkəmizin qlobal səviyyədə tanınmasında, mövqelərinin
möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin
idman siyasəti mühüm rol oynayır. Əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən möhkəm təməllər üzərində qoyulmuş idman siyasəti
dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı
sayəsində beynəlxalq meydanlarda öz nəticəsini verməkdədir.
Fəxarətlə deyə bilərik ki, idmançılarımızın təmsil olunduğu elə bir
beynəlxalq və ya regional idman yarışı yoxdur ki, oradan əliboş
qayıtsınlar. Artıq Azərbaycan idman sahəsində dünyada özünü təsdiq
edib, bir sözlə, dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi
ölkə kimi tanınır. Avropa və dünya çepionatlarında idmançılarımızın
qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailliyətlər,
həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi
beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət
mərkəzindədir. Məhz buna görə də onlar beynəlxalq yarışların
Azərbaycanda keçirilməsinə böyük həvəslə yanaşırlar. Mən “Bakı-2015” ilk Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını
xatırlatmaq istərdim. Bütün dünya Azərbaycanın bu cür mötəbər idman
yarışlarını necə səliqəli, möhtəşəm, nümunəvi şəkildə və peşəkar
səviyyədə təşkil etdiyini maraqla izlədi. Bu, biləvasitə
dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu idman siyasətinin
təzahürüdür”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
deyib.
Onun sözlərinə görə, yüksək nailiyyətlər qazanmış idmançılarımız
dövlətin xüsusi qayğısı ilə əhatə olunur: “İlk öncə onu qeyd edim
ki, həmin idmançılar dövlət başçısı tərəfindən qəbul edilir,
prezident onlarla söhbətləşir, qələbələrinin əhəmiyyətini yüksək
qiymətləndirir, bunun ölkəmizin beynəlxalq idman təşkilatlarında
mövqeyinin möhkəmlənməsində vacib olduğunu qeyd edir. Bu yaxınlarda
Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı
idmançılarımızın möhtəşəm çıxışı və əldə etdiyi yüksək nəticələrlə
yadda qaldı. 7-si qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla
ümumilikdə 16 medal qazanılması və ümumi sıralamada ölkəmizin
birinci yeri tutması Azərbaycanın idman tarixinin şərəfli
səhifəsidir və hər bir azərbaycanlını qürurlandırır. Bu uğura imza
atmış güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev qazanılmış
nəticəni yüksək dəyərləndirdi və ölkəmizin qüdrətinin nümayişi
adlandırdı. Möhtəşəm nitiqində Prezident ölkəmizin idman
qüdrətindən bəhs edərək bunu aparılan düşünülmüş və düzgün
siyasətin məntiqi nəticəsi adlandırdı. Bu sahədə beynəlxalq
səviyyədə əldə olunmuş naliyyətlər bir daha təsdiqləyir ki,
ölkəmizin idman siyasəti düzgün qurulub, ildən-ilə inkişaf edir və
daha böyük müvəffəqiyyətlər hələ qarşıdadır. Ölkəmizin, demək olar
ki, bütün rayonlarında ən müasir tələblərə cavab verən olimpiya
idman kompleksləri istifadəyə verilib və gənclərimiz buraya cəlb
edilir, ardıcıl olaraq rəqabətədavamlı yeni-yeni idmançılar nəsli
yetişir. İnanırıq ki, pis vərdişlərdən uzaq, sağlam ruhda tərbiyə
alan Azərbaycan gəncliyi bütün sahələrdə ölkəmizi indi olduğu kimi,
ləyaqətlə təmsil edəcək və beynəlxalq imkanlarını
genişləndirəcək”.
“Çıxışında dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində
qələbəmizin əhəmiyyətinə də toxundu. Təbii ki, tariximizin bu
səhifəsi bizim qürur yerimizdir. Əgər əvvəllər dünya ictimaiyyəti
bizi kimlərinsə xəyanəti üzündən məğlub xalq kimi tanıyırdsa, artıq
minillik tariximizin ən qüdrətli sərkərdələrindən biri, şanlı
qələbimizin banisi cənab İlham Əliyevin sayəsində müzəffər xalq
kimi tanıyır və qəbul edir. Döyüş meydanında qazandığımız müdhiş
qələbə idmançılarımıza beynəlxalq yarışlarda sitimul verir,
qələbəyə ruhlandırır, məğlubedilməzlik hissi aşılayır. Çünki onlar,
cənab Prezidentin sözləri ilə desək, qalib xalqı təmsil edirlər və
bu da onları qələbəyə daha çox sövq edir”, – deputat qeyd edib.
“Dövlət başçısından daha bir böyük müjdə işğaldan azad edilmiş
ərazilərdə idmanın inkişafı məsələsi oldu. Sevindirici haldır ki,
Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması
perspektivləri nəzərdə tutulub və orada salınan yeni şəhərlərin baş
planında bu, öz əksini tapır. Əminliklə deyə bilərik ki, yaxın
gələcəkdə sakinlərini qarşılayacaq həmin ərazilərdə bu istiqamətdə
atılacaq addımlar ümumilkdə ölkə idmanının inkişafına güc qatacaq
və dünyanın idman aləmində mövqelərini daha da möhkəmləndirəcək”, –
S.Möhbalıyev fikrini belə tamamlayıb.