Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş toplantı keçirilib.
Şuradan AzerTimes-a bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 1921-ci ildə ilk sayı çapdan çıxmış “Şərq qapısı” qəzeti yalnız Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə Azərbaycanın ən uzunömürlü kütləvi informasiya vasitələrindəndir. Mətbuat orqanı ölkəmizin ədəbi-bədii mühitinin, ictimai rəyinin formalaşmasında, milli şüurun və təfəkkürün aşılanmasında müstəsna tarixi xidmətlərilə seçilib. Klassik mətbuatımızın ənənələrinə sadiq qalaraq oturuşmuş jurnalistika məktəbinə çevrilib. “Ötən əsrin 70-ci illərindən başlayaq qəzet Naxçıvanın, ümumən respublikanın aparıcı fikir, düşüncə katalizatoru kimi populyarlaşmağa başlayıb. Bu, həmin dövrdə hakimiyyətə ulu öndər Heydər Əliyevin gəlişi ilə bağlı idi. Mətbuatın ictimai roluna hər zaman böyük önəm vermiş ümummili lider “Şərq qapı”sını fərqləndirirdi. Bu, həm nəşrin tarixinə böyük dəyər idi, həm mətbuatın ictimai missiyasına həssas yanaşmanın, həm də idarəçilikdə mətbuat amilinə önəm verilməsinin bariz göstəricisiydi”. – deyən Ə.Amaşov “Şərq qapısı”nın Azərbaycan xalqının milli istiqlal hərəkatına töhfəsindən də söz açıb. O, diqqəti nəşrin 1990-1993-cü illərdəki fəaliyyətinə yönəldərək vurğulayıb ki, həmin zaman kəsiyində qəzet Heydər Əliyevin muxtar respublikada gördüyü işləri işıqlandırıb, məhrumiyyətlərə baxmayaraq cəsarət nümayiş etdirib. Bu cəhət onu eyni zamanda ideoloji mərkəz kimi tanıdıb.
Ə.Amaşov çıxışında “Şərq qapısı” qəzetinin müstəqillik illərindəki fəaliyyətinə də toxunub. O bildirib ki, hələ Sovetlər Birliyi dönəmində nəşrin 50 illik yubileyinin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş ulu öndər onun 75 illik yubileyinin yüksək səviyyədə təşkilinə də həssas yanaşıb. Sonrakı illərdə nəşrin 80, 85, 90 və 95 illik yubiley tədbirlərinin düzənlənməsi xoş ənənəyə çevrilib. “Bu günün “Şərq qapısı” müasir texnologiyalarla təchiz edilmiş, özünün internet resursuna, mətbəəsinə, ofisinə malik jurnalistika məktəbidir. Qəzetdə başlıca meyar peşəkarlıqdır. Əlbəttə, peşəkarlıq vətənpərvərliklə çulğalaşıb ki, bu da tarixi ənənələrdən qaynaqlanmaqdadır. “Şərq qapısı”nın 100 yaşının təntənəli şəkildə qeyd edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri hörmətli Vasif müəllim Talıbov müvafiq sərəncam imzalayıb. Biz qərara gəldik ki, Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı media vasitələrinin rəhbərlərinin iştirakı ilə də qəzetin yubileyi ilə bağlı toplantı keçirək. Eyni zamanda bu qərara gəldik ki, “Şərq qapısı” qəzetini Şuranın xüsusi diplomu ilə təltif edək”, – deyən MŞ sədri diplomu Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova təqdim edib.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında bildirib ki, milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir. 1921-ci ilin noyabrında nəşrə başlamış “Şərq qapısı” böyük inkişaf yolu keçmiş, ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə onun böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. 100 illik tarixi ərzində burada böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişmişdir. Qəzetin ötən əsrin 70-ci illərində 50 illik yubileyinin qeyd olunub, “Şərəf nişanı”na layiq görülüb.
“1990-1993-cü illərdə ulu öndərimizin Azərbaycanın xilası naminə Naxçıvanda həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar, eləcə də dahi rəhbərin müsahibələri məhz “Şərq qapısı” qəzetində çap olunaraq geniş ictimaiyyətə çatdırılmışdır. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir”, – deyən B.Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına diqqət çəkib. O bildirib ki, sənədə əsasən Tədbirlər Planı təsdiq olunub, muxtar respublikada qəzetin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında “Şərq qapısı” qəzetini məktəb adlandırıb. O vurğulayıb ki, bu məktəb özündə yalnız jurnalistikamızın ənənələrini birləşdirmir, onun yüz illik tarixi nəşri ədəbiyyat, publisistika, elm məktəbi kimi də təqdim etmək üçün geniş məzmunlu əsaslar yaradır. Akademikin sözlərinə görə, Naxçıvanda elə bir yaradıcı şəxs tapılmaz ki, onun həyatında yubilyar nəşrin bu və ya digər formada rolu olmasın. “Şərq qapısı”nın inkişafı yalnız bir qəzetin inkişafı deyil, bütövlükdə Azərbaycan milli mətbuatının inkişaf tarixidir. “Şərq qapısı” özü bir tarixdir, tarixin parçasıdır. O, Naxçıvanın ensiklopediyasını yaratmış mətbuat orqanıdır, salnamədir. Onun səhifələrində jurnalistikanın bütün janrları təmsil olunub. Publisistik dəst-xətt özünü ən mükəmməl surətdə göstərib. Qəzet həm də bir elm mərkəzidir. Azərbaycan, Naxçıvan elmi ilə bağlı fundamental məqalələr, elmi yeniliklər məhz onun səhifələrindən oxuculara çatıb. Bu mənada qəzetin Azərbaycan elminin inkişafında da müstəsna rolu var. “Şərq qapısı” qəzet içində qəzet olub. Hələ ötən əsrin 80-ci illərində nəşrin müxtəlif mövzularda əlavələri nəşr edilib. Bu, o dövr üçün böyük yenilik sayılırdı”, – deyən İ.Həbibbəyli yubilyar mətbuat orqanının Azərbaycanın müstəqillik əldə edilməsindəki rolundan söz açıb. O bildirib ki, hələ SSRİ dağılmazdan öncə “Şərq qapısı”nın müstəqil qəzet kimi 11 sayı işıq üzü görüb və bu, son dərəcə cəsarətli addım idi. Akademik nəşrin ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünü öyrənmək baxımından əvəzsiz mənbə olduğunu vurğulayıb. Qəzetin müstəqillik illərindəki fəaliyyətindən söz açan İ.Həbibbəyli onun hazırda ayrıca mətbəəyə malik olmasını, uğurla fəaliyyət göstərərək ənənələri yaşatmasını Naxçıvanda söz sənətinə verilən dəyərin bariz nümunəsi kimi xarakterizə edib.
Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Qulieyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov və başqaları “Şərq qapısı” qəzetinin müxtəlif dövrlərdəki fəaliyyətindən bəhs edib, onun Azərbaycanda milli mənlik şüurunun formalaşmasındakı roluna toxunaraq nəşrin vətənpərvərlik duyğularının yayılmasına, həyatın müxtəlif istiqamətlərinin təşəkkül tapmasına yönələn fəaliyyətini yüksək qiymətləndirib, təbriklərini çatdırıb, səmimi arzu və diklərini ifadə ediblər. Onlar çıxışlarında “Şərq qapısı”nı Naxçıvanla bağlı başlıca informasiya mənbəyi kimi dəyərləndirərək yubilyar qəzetin Bakıda və ölkəmizin müxtəlif bölgələrində yayımının təşkil olunmasının əhəmiyyətindən söz açıblar.