Sərnişin dronu təqdim edildi

Sərnişin dronu təqdim edildi

Fransada keçirilən Le-Burje aviasalonunda ABŞ-ın “Workhorse” şirkəti tərəfindən hibrid motorlu kiçik sərnişin dronu təqdim edilib.

Pilotsuz uçuş aparatının xüsusiyyətləri barədə şirkətin saytında məlumat yerləşdirilib.

“Surefly” adlanan dron 2 yerlikdir. Cihaz 8 rotorla çalışır və 200 litr/saniyə gücündə benzin generatoru və elektrik mühərriki ilə işləyir. Ehtiyat akkumulyatorla da təchiz edilib. Əgər generator sıradan çıxarsa, ehtiyat akkumulyator “SureFly” aparatını 5 dəqiqə ərzində – eniş edənə qədər enerji ilə təchiz edəcək. Bundan başqa, dron fövqəladə hallar üçün paraşütə də malikdir.

Maksimal sürət 110 km/saat təşkil edir, uçma məsafəsi isə 110 km-ə qədər çata bilər. “SureFly”ın yükqaldırma gücü 180 kiloqram, multikopterin özü isə 500 kiloqramdır. Dronun əsas idarəetmə orqanı kabində yerləşən coystikdir.

Sərnişindaşıma üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatı hələ ki havaya qalxmayıb. İlk uçuş bu ilin sonuna planlaşdırılıb. 2019-cu ildə isə o, sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra tərtibatçılar aparatın satışına başlayacaq. Onun qiyməti 200 min dollar təşkil edəcək.