Ermənistanın sənayesi tənəzzüldədir. Dağ-mədən sənayesi də tənəzzüldədir. Qida sənayesi 6% azalıb. Son 5 ildə Ermənistanda ət məhsullarının istehsalı xeyli aşağı düşüb. Bu dövlət siyasətinə görə kəndlinin heyvandarlıqla məşğul olması sərfəli deyil.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri, iqtisadçı ekspert Nairi Sərkisyan deyib.
“Bütün bunlar Ermənistanın istehsal potensialının olmaması deməkdir. Deməli, planlaşdırılan büdcəni doldurmaq üçün indiki hökumət ya vergiləri artırmalı olacaq, ya da inflyasiya baş verəcək. Ola bilsin ki, bir neçə aydan sonra işıq, su və qaz tariflərində artımın şahidi olaq. Ermənistanda yoxsulluğa gəlincə, ölkə əhalisinin təxminən üçdə biri yoxsul sayılır. Son məlumatlara görə, yoxsulluğun aşağı həddi 53 min dram (131 dollar – red.), yuxarı həddi 63 min dram (156 dollar – red.) hesab olunur. Ayda orta hesabla 57-58 min dram (141-142 dollar – red.) qazanan şəxs yoxsulluq həddinin üstündə yaşayır. Təbii ki, vətəndaşlarımız bizdən yaxşı bilir və hamısı mağazaya girir, xərcləyir və görür ki, artıq qazancları çatmır. Bu, cəmiyyətin təxminən üçdə birinə təsir edir. Bu hakimiyyət ölkəni elə vəziyyətə gətirib ki, sıfırdayıq. Hakimiyyət ölkəni məhv edib, dağıdılanları bərpa etmək hətta 50-60 il çəkəcək”, – o bildirib.