Xəbər - Samir Əli – Trend:
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.
DSX-dən AzerTimes-a verilən məlumata görə, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
3 aprel tarixində, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılmışdır.
Saxlanılan şəxslərin İran vətəndaşı 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı Xızı rayon sakini 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilmiş, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülmüşdü.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.