Sərhəddəki vəziyyətlə bağlı xarici ölkələrə müraciət ünvanlandı

Sərhəddəki vəziyyətlə bağlı xarici ölkələrə müraciət ünvanlandı

İyulun 27-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

AzerTimes xəbər verir ki, müraciətdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır.

Müraciətdə vurğulanır ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan etmişdir, odur ki, etnik ermənilər üçün ərzağın və digər məhsulların Ermənistandan gətirilməsinə zərurət yoxdur. Laçın yolu ilə bağlı vəziyyətə gəlincə, bu yol da Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və ona görə də Azərbaycan öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etmişdir. Bildirilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəf məhz Ermənistandır. Ermənistan tərəfi həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır.

Müraciətin sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.

Teqlər: