Xəbər - Elçin Mehdiyev – Trend:
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırda sərhəddə yaşanan gərginliyin fundamental səbəbi Ermənistanın 30 ildir Azərbaycana qarşı aparmış olduğu işğalçılıq siyasətidir. Erməni işalı olmasaydı, bu gün sərhəddə məlum hadisələr də yaşanmazdı.
Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getmək niyyətində deyil: “Biz beynəlxalq hüquqla tanınmış sərhədlərimizi bərpa etmək məqsədilə demarkasiya və delimitasiya işləri aparırıq. Ermənistan tərəfinin və onlara havadarlıq edən bəzi xarici dairələrin yersiz hay-küy salması bizi nədənsə çəkindirə bilməz. 44 günlük Vətən müharibəsi dövründə də bəzi ölkələrin əsassız bəyanatlarının şahidi olduq, bizə qarşı davamlı şəkildə şər-böhtan kampaniyası aparıldı, haqq işimizə ləkə salmaq istədilər. Lakin heç nəyə nail ola bilmədilər. İndi də elə olacaq. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı zəfərin davamı olaraq Ermənistanla dövlət sərhədini bərpa edir. Başda Ermənistan olmaqla, bütün dünya Azərbaycanın yaratmış olduğu yeni reallığı qəbul etməlidir. Ölkəmizə qarşı hazırda aparılmaqda olan çirkin kampaniya isə həmişə olduğu kimi uğursuzluğa məhkumdur”.
Politoloqun fikrincə, əslində, Ermənistan tərəfinin “narahatlığı” seçkiqabağı manipulyasiyadır: “Seçki tarixi yaxınlaşdıqca həm müxalifət, həm də iqtidar Qarabağ kartından daha möhkəm yapışmağa çalışır. Son vaxtlar revanşist çıxışların artması da bu niyyətdən irəli gəlir. Yaxşı olardı ki, Ermənistandakı siyasi qüvvələr əsas diqqəti bu ölkənin yaşamaqda olduğu ağır sosial-iqtisadi böhranın həllinə yönəltsinlər. Revanşist ideyaların heç bir gələcəyi, perspektivi ola bilməz. Erməni xalqı normal həyat yaşamaq istəyirsə, müharibə və qisas çağırışları edən siyasi qüvvələrə əsla kart-blanş verməməlidir. Yeni bir müharibə Emrənistanın bir dövlət olaraq dünya xəritəsindən silinməsi ilə nəticələnə bilər”.
Twitter: @ElchinMehdiyev