İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
“Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin öhdəliyinizdir. Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt Laçın-Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah-sursat, minalar gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirdi”, – İlham Əliyev bildirib.