İrəvanla Bakı arasında sülhün alternativi yoxdur. Lakin Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparmaq çətindir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur. Sülhə nail olmağın ən yaxşı yolu qarşılıqlı əlaqə imkanlarını açmaq, ümumi yol qurmaqdır. Bu yoldan insanlar istifadə edəcək, mallar daşınacaq, daha sonra səyahət ediləcək, normal həyat və ticarət başlayacaq, köhnə narazılıqlar tədricən arxa plana keçəcək”, – o bildirib.
Kommunikasiyaların açılma müddətinə gəlincə, o, qeyd edib ki, hələlik bu suala dəqiq cavab yoxdur, amma baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda unikal münasibətlər formatı formalaşıb:
“Eyni böyük ölkədən olmağımız, eyni dərsliklərlə oxumağımız, eyni filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz ortaq dil tapmağımız çox kömək edir”.