Məlumatlara görə, sərhəddə gərginliyin aradan qaldırılması üçün Bakının əsas təkliflərindən biri Azərbaycan sərhədlərinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır.
Burada strateji hədəflər var və hələ sərhəddə ilk toqquşmalar başlayanda – Qaragöl məsələsində bu haqda yazırdıq:
1. Qarabağı de-fakto da daxili məsələmizə çevirmək üçün gərginlik Azərbaycanın daxilindən sərhədə köçürülür;
2. Rusiyanı Qarabağdan çıxarmağın yollarından biri sərhəddə rusların iştirak edəcəyi “bufer zonanın” yaradılması ola bilər.
Çünki rus qoşunlarını Qarabağdan çıxarmağın iki mümkün yolu ola bilər:
Birincisi, Rusiyanın tamamilə zəifləməsini gözləmək: Ukrayna müharibəsi belə gözləntiləri yaratsa da, soyuq analiz bu perspektivin çətinliyini də ortaya qoyur;
İkincisi, 30 il ərzində Qarabağ münaqişəsindən Bakı və İrəvana təsir rıçağı, həm də bölgədəki mövqelərini saxlamaq üçün istifadə edən Rusiyaya bölgədə “mövcud olacağı yer” verilə bilər: mümkün seçim sərhəddir;
Çünki:
– Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər;
– Moskva anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır: hətta növbəti beş il ərzində qalmağı bacarsalar belə, ki, bu da çətindir, Azərbaycanın daxilindən çıxacaq;
Və qoşunlarını sərhədə çıxarmaqla həm bölgədə uzunmüddətli təsir rıçağı əldə edir, həm Bakı-İrəvan xəttində davamlı oyunçuya çevrilir, həm Ermənistanın “mərkəzdənqaçma meylləri”ni neytrallaşdırır, həm də ABŞ, Aİ və İranın girməyə çalışdığı Zəngəzur bölgəsində – müharibədən sonra bu bölgənin strateji əhəmiyyəti böyükdür – mövcudluğunu gücləndirir.
Bakı bununla iki hədəfə nail olmağı hesablayır:
– Rus qoşunlarının Qarabağdan – Azərbaycan daxilindən çıxarılması imkanını gücləndirir;
– Sərhədin delimitasiyasının SSRİ xəritələri ilə müəyyən edilməsində Moskvanın dəstəyini artırır: Paşinyanın Nüvədi kəndinin adını çəkməsi təsadüfi deyildi, mümkündür ki, bu istiqamətdə strateji nöqtələrə nəzarət məsələsi aktuallaşıb və bu, həm də kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun – Zəngəzurun “dəhliz” məntiqi ilə açılması – həlli baxımından bölgədəki əsas oyunçuların – Türkiyə və Rusiyanın da marağındadır;
Burada əsas məqamlardan biri də “təhlükəsiz zona”nın hansı ərazilərdə yaradıla biləcəyidir: Bakı hazırki sərhədləri boyunca ərazi vermir, istisna deyil ki, söhbət SSRİ dövründə Ermənistana müxtəlif adlar altında “bağışlanan” ərazilərin delimitasiya ilə qaytarılmasından sonra Ermənistan-Azərbaycan sərhədləri boyunca zolaqdan gedir;
Mümkündür ki, bu məsələ danışıqlarda aktuallaşacaq.