Sərhəddə mebel dəstinin içindən 43 kiloqramdan çox narkotik çıxdı (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

43 kiloqramdan artıq narkotik vasitəni bu dəfə mebel dəstinə yerləşdirdilər.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə – həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi “Renault Magnum” markalı “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib. Stasionar rentgen qurğusunda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrar yoxlama zamanı xidməti it yerə boşaldılan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqluğuna reaksiya verib. Yoxlama zamanı yerə boşaldılmış divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilən 34 ədəd bağlamanın içərisindən, ümumilikdə 72 ədəd şəffaf sellofan paketdə qablaşdırılmış yastı – düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalara 43 kq 491 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə – həşişin yerləşdirildiyi məlum olub.

Teqlər: