Sərhəddə yalnız erməni sərhədçilərin dayanması Azərbaycanın tələbi ola bilər.
AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan Rusiya sərhədçilərinin Zəngəzurun Nerkin Hand kəndi yaxınlığındakı zonadan və 44 gün müharibədən sonra yerləşdikləri digər ərazilərdən çıxarılmasını şərh edərkən deyib.
Matevosyan əmindir ki, Ermənistan və Azərbaycan arasında iki respublikanın sərhədində üçüncü ölkə sərhədçilərinin olmaması barədə razılıq var.
Politoloqun fikrincə, belə bir razılaşmanın şərtlərinə görə, məntiqlidir ki, KTMT qoşunları da burada nə sülhməramlı, nə də tamhüquqlu ordu korpusu kimi yerləşə bilər. Bu isə Ermənistanın hazırkı hakimiyyətinin geosiyasi vektorun tam transformasiyasını nəzərdə tutan siyasətinə tam uyğun gəlir.
O, delimitasiya və demarkasiyanın Tavuşdan başlamasını da təsadüfi saymayıb və iddia edib ki, orda rus sərhədçilərin möhkəmləndirilmiş postları vardı.
Buna baxmayaraq, politoloq delimitasiya və demarkasiyanın davam etməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, əgər digər ərazilərdə də 1976-cı il xəritəsi əsas götürülsə, bu, uğurlu olacaq, əks halda isə Ermənistan ciddi güzəştə məcbur olacaq.
Matevosyan xatırladıb ki, danışıqlarda vasitəçi də yoxdur, birbaşa aparılır, bu isə Ermənistanı daha çox güzəştə vadar edir.